ABŞ-da mühafizəkar hərəkatın önəmli simalarından biri olan Çarli Kirk Yuta Vadisi Universitetində təşkil edilən tədbir zamanı silahlı hücuma məruz qalıb və həyatını itirib.
Qaynarinfo xəbər verir ki, ABŞ ictimaiyyətində böyük səs-küyə səbəb olan sui-qəsddən sonra prezident Donald Tramp ardıcıl açıqlamalar verərək Kirki "şəhid” elan edib. Trampın yaxın dostu kimi tanınan Kirk üçün ölkə üzrə bayraqlar yarıya endirilib. Federal Təhqiqat Bürosu (FTB) silahlı hücumdan sonra qaçan snayperi axtarır.
Hadisə çərşənbə günü Yuta Vadisi Universitetində keçirilən tədbirdə baş verib. 31 yaşlı mühafizəkar şərhçi Çarli Kirk tədbirdə çıxış etdiyi zaman boynundan vurulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Universitet kampusu dərhal bağlanıb, FTB və yerli polis genişmiqyaslı əməliyyatlara başlayıb.
Universitetin açıqlamasına görə, snayper Losee Mərkəzinin damından təxminən 200 metr məsafədən atəş açıb. Şahidlər damda qaçan bir şəxsi gördüklərini bildiriblər. Lakin saxlanılan bir neçə nəfərin hadisə ilə əlaqəsinin olmadığı təsdiqlənib. Hazırda şübhəli yoxdur və araşdırma davam edir. FTB bölgədə "insan ovu" adlandırılan geniş axtarış əməliyyatı həyata keçirir.
Prezident Tramp hadisəyə sərt reaksiya göstərərək Kirki "azadlıq və demokratiya uğrunda şəhid” adlandırıb və siyasi şiddətin artmasına diqqət çəkib. "Bu, yalnız Çarlini deyil, bütün ölkəmizi hədəf alan bir hücumdur” deyən Tramp cinayətin arxasında duran şəxslərin və təşkilatların məsuliyyətə cəlb olunacağını bildirib. Trampın oğlu Donald Tramp Jr və birinci xanım Melaniya Tramp da dərin başsağlığı mesajları yayımlayıblar.
Utah qubernatoru Spenser Koks hadisəni siyasi sui-qəsd kimi qiymətləndirərək, günahkarın ən ağır cəza ilə, o cümlədən edamla üzləşə biləcəyini bildirib. İsrailin baş naziri Binyamin Netanyahu da başsağlığı verərək Kirkin "həqiqəti dediyi üçün öldürüldüyünü” vurğulayıb.
Çarli Kirk ABŞ-da "Turning Point USA” adlı təşkilatın qurucusu və gənclər arasında mühafizəkar ideyaların yayılmasında önəmli rol oynayan fiqur kimi tanınırdı. Tramp administrasiyası ilə yaxınlığı və mediada geniş tanınması onun siyasi nüfuzunu artırmışdı.
Aydın
Şərhlər