Xəbər lenti

Trampın zəngindən sonra Kreml müharibənin dayandırılması üçün şərtini açıqladı
Dünya 10:49 29.12.2025

Trampın zəngindən sonra Kreml müharibənin dayandırılması üçün şərtini açıqladı

Donald Tramp ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin müharibənin dayandırılması üçün Ukraynanın Donbası təhvil verməli olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya mediasına açıqlamasında bildirib.

Uşakovun sözlərinə görə, Putin və Tramp arasındakı söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub, "dostcasına, xoşniyyətli və işgüzar xarakter" daşıyıb və 1 saat 15 dəqiqə davam edib.

"Rusiya və ABŞ prezidentləri ümumilikdə eyni fikirdədirlər ki, ukraynalıların və avropalıların referenduma hazırlıq və ya digər bəhanələrlə təklif etdikləri müvəqqəti atəşkəs yalnız münaqişənin uzanmasına gətirib çıxarır və hərbi əməliyyatların yenidən başlaması riskini daşıyır", – deyə Uşakov bildirib.

Onun sözlərinə görə, müharibənin tamamilə dayandırılması üçün Kiyev "yubanmadan" cəbhələrdəki mövcud vəziyyəti nəzərə alaraq Donbasla bağlı qərar qəbul etməlidir.

Uşakovun iddiasına görə, Tramp söhbət zamanı "Rusiyanın siyasi-diplomatik nizamlanmaya sadiqliyinə əmin olduğunu" və Zelenski ilə bugünkü danışıqlarını məhz bunu nəzərə alaraq qurmaq niyyətində olduğunu deyib.

Bundan əlavə, iki lider bir-birinə qarşı xoş ifadələr işlədiblər. Tramp müharibə başa çatacağı təqdirdə ABŞ-ın Rusiya və Ukrayna ilə iqtisadi əməkdaşlığının heyranedici perspektivlərindən danışıb. Həmçinin tərəflər bir-birini Yeni il münasibətilə təbrik edib və "hər iki ölkənin xalqlarına" xoşbəxtlik arzulayıblar.

Uşakov əlavə edib ki, Zelenski ilə bugünkü görüşünün nəticələrinə əsasən, Tramp yenidən Putinə zəng edəcək.

Alpər

--> -->