"Qədim meşələrimizdən olan Tuqay meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.
Onun sözlərinə görə, Tuqay meşələrinin məhv olmasının əsas səbəblərindən biri Kürqırağı ərazilərdə heyvandarlıq fermalarının salınmasıdır:
"Bu barədə dəfələrlə məqalələr yazmışam. Hətta onlardan birinin başlığı belə idi: "Molla Pənah Vaqifin Kür qırağının əcəb seyrəngahı varmı?". Həmin yazı vaxtilə böyük rezonans doğurmuşdu. Təəssüf ki, bu gün o gözəllikdən əsər-əlamət qalmayıb. Kür qırağında mal-qara saxlamaq üçün yaradılan fermalar Tuqay meşələrinin tamamilə məhv olmasına səbəb olur".
Ekoloq bildirib ki, meşələrdə ilboyu qanunsuz mal-qara otarılması ekosistemə ciddi ziyan vurur:
"Mal-qaranın nəzarətsiz otarılması nəticəsində ağaclar məhv olur, onların yerini kol-kos basır. Vaxtilə Tuqay meşələrinə xüsusi gözəllik verən qovaq ağaclarının sayı da xeyli azalıb".
Xosrov Musayev hesab edir ki, Tuqay meşələrinin qorunması üçün dövlət qurumları nəzarəti gücləndirməlidir:
"Bununla yanaşı, Tuqay meşələrindən mal-qara çıxarılmalı, həmin ərazilərdə fəaliyyət göstərən fermalar ləğv edilməli və meşələr qoruq statusu almalıdır".
Bahar Rüstəmli
Şərhlər