İdman 13:25 28.10.2023

“Turan Tovuz”un qapıçısı: “Qələbə qazanmaq istəyirik ki, o beş nəfər daim ağlasın”

Premyer Liqanın 11-ci turu çərçivəsində "Turan Tovuz” doğma meydanda "Kəpəz”lə qarşılaşacaq. Turnir cədvəlinin son pilləsində qərarlaşan gəncəlilərin durumu aydındır. Amma son beş turdur Tovuz təmsilçisi də qələbə üzünə həsrətdir. Artıq bəzi azarkeşlərin qələbə gözləntiləri doğrulmadıqca, narazılıqlar da səslənməkdədir. Bəs komandada enişin səbəbi nədir?

"Turan Tovuz”un təcrübəli qapıçısı Kamal Bayramov Qaynarinfo-ya açıqlamasında komandasının durumu ilə bağlı fikirlərini bölüşüb:

"Şükür Allaha, hər şey qaydasındadır. Ab-hava, kollektivdə heç bir problemimiz yoxdur. Qələbə qazana bilməmişik. Amma oyunumuzda yüksəliş var. Yeni futbolçuların uyğunlaşması məsələsi var. Bəzi mövqelərdə futbolçular tez uyğunlaşa bilir, bəziləri üçün zaman lazımdır. Ümumi ab-hava yaxşıdır. "Turan Tovuz”u istəyən kütlə böyükdür. Kimsə razı, ya da narazı ola bilər. Bu hər yerdə belədir. Bizim işimiz tribunada deyil, meydançadadır. Bildiyim qədər az sayda insanlar var ki, bəzi vaxtlarda təxribatlara əl atıblar. Normal haldır, klubun böyüməsi üçün bunlar da olacaq. Tənqidlər də eşidəcəyik. Təhqirlər isə qəbuledilməzdir. 

Düşünürəm ki, son vaxtlar komanda oyununda irəliləyiş var. "Qarabağ”la oyundakı heç-heçəmiz qələbəyə bərabər idi. Hətta bir qolumuz sayılmadı. Qapımıza vurulan qol zamanı da qayda pozuntusu var idi. VAR sistemi tətbiq olunmadı. Bu işlərə qarışmıram, çünki hər sahənin öz cavabdehləri var. Rəhbərlik, məşqçilər tərəfindən nə bir basqı, nə də başqa problemlər olur. Azarkeşlərin də təzyiqini hiss etmirik. Sona qədər, hətta məğlub olduğumuz zamanlarda dəstəklərini verirlər. Bu il evdə qələbəmiz yoxdur. Azarkeşlər də qələbə istəyir. Vaxt gəldikcə qələbə olacaq. Onlar da sevinməyə layiqdirlər. Tənqidləri qəbul edib nəticə çıxarmaq istəyirik. Amma bəzi oyunlarda bir neçə nəfəri təhqir etdilər. Bu istər futbol, istər başqa sahə olsun, yolverilməzdir. Heç kimin başqasını təhqir etməyə ixtiyarı yoxdur. Həmin insanlar tribunada öz səviyyələrini göstərir. Ancaq "Turan Tovuz”u sevənlər o qədərdir ki… Biz həmin 5-6 nəfərə görə oynamırıq, 5000 azarkeşimizi sevindirmək üçün meydana çıxırıq. Qələbə qazanmaq istəyirik ki, o beş nəfər daim ağlasın”.

"Qarabağ”ın gücünü daha çox "Bayer”lə oyun saxladığı üçün "Turan Tovuz”la matça o qədər də ciddi yanaşmadığı haqda düşünənlərin sayı az deyildi. Bayaramov bu fikirlərlə razılaşırmı?
 


"Xeyr, razılaşmıram. "Qarabağ”da heyət anlamı yoxdur. Komanda iki heyətə malikdir. Hansı ki, hər ikisi Premyer Liqada çempionluğa oynamaq gücündədir. "Qarabağ" da təbii meydançada məşq edir, biz də. Oyuna süni meydançaya çıxırıq. Bu vəziyyət hər ikimiz üçün eynidir. İnanmıram "Qarabağ”da hansısa futbolçu "Turan Tovuz”la oyunu ola-ola "Bayer”i və ya iki-üç tur sonrakı matçı düşünsün. Sadəcə, baş məşqçimiz tərəfindən rəqib komanda necə lazımdır analiz olunmuşdu. Göründü ki, müdafiədə oturub "Qarabağ”ın hücum etməsini gözləmədik. Özümüz mərkəzdə rəqibi qarşıladıq. Məğlub da ola bilərdik. "Qarabağ”a qarşı açıq futbol oynasaq, böyükhesablı məğlubiyyətlə üzləşməyimiz mümkündür. Amma çəkinmədik, layiqli mübarizə apardıq. Layiqli nəticə idi. Lakin təmiz qolumuz sayılmadı. Qapımıza vurulan qolda isə cərimə var idi", deyə qolkiper bildirib.

Mövsüm başlayandan hələ ki, "çərçivədən” kənarda qalan Bayramov bunun səbəbi haqqında sualı belə cavablandırıb:

"Bunun xüsusi səbəbi yoxdur. Qapı xəttinə, meydançaya kimlərin çıxacağını baş məşqçi müəyyənləşdirir. Biz hamımız ona hörmətlə yanaşırıq. Mənim heç bir narahatlığım yoxdur. Keçən il də demək olar mövsümün yarısında ehtiyatda qaldım, sonra oynamağa başladım. Daim çalışıb öz işimi görürəm. Müqaviləmdə hansı oyunda oynayıb-oynamayacağım yazılmayıb. Peşəkar şəkildə öz məşqlərimi davam etdirirəm ki, şans qazandığım gün əlimdən gələn köməkliyi göstərə bilim. Futbolçu daim hazır olmalıdır. Fiziki, psixoloji durumunu yaxşı səviyyədə saxlamalıdır ki, şans qazandığı anda kömək etsin. Düşünmürəm ki, uzun müddət ehtiyatda qalmağım oyunuma hansısa təsir göstərəcək. Onlar məndə artıq keçib. İstənilən oyunda komandaya kömək etməyə hazıram. Praktika baxımdan heç bir çətinlik hiss etmirəm. Keçən il də hiss etmədim. İnşallah bu il də belə olar”.

Səbuhi Həsənov