Hazırda Türkiyədə 45 000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
Qaynarinfo xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.
Məlumata görə, 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə agentliyə 22 578 müraciət daxil olub ki, bu müraciətlərin 5 327-si (19%) Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür. Türkiyə ilə bağlı müraciətlərin 5 107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib.
İmtina qərarlarının səbəbləri arasında "açık öğretim" təhsilalma forması üzrə 35.9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29.23%, fiziki olaraq xarici ali təhsil müəssisələrində normativ təhsil müddətindən az olanlar üzrə 15.38%, autentik olmayan təhsil sənədi təqdim edənlər üzrə 11.28%, distant təhsil üzrə 8.21% təşkil edib.
"İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan "açık öğretim" təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır", - deyə məlumatda bildirilib.
Şərhlər