Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun siyasətdən getdiyini və rəhbərlik etdiyi partiyanın fəaliyyətinə son verdiyini açıqlaması ölkənin siyasi gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb.
Siyasi şərhçi Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bu qərarın Türkiyədə siyasi qüvvələr nisbətinə, daxili siyasi proseslərə və ölkənin xarici siyasət kursuna mümkün təsirlərini dəyərləndirib.
Azər Hüseynov bildirib ki, Əhməd Davudoğlunun siyasətdən getməsi ilə eyni dövrdə Cümhuriyyət Xalq Partiyasında (CHP) Özgür Özəlin ön plana çıxması təsadüfi görünmür:
"Bu, Türkiyədə siyasi proseslərin bir-biri ilə sıx bağlı şəkildə inkişaf etdiyini göstərən növbəti nümunədir. Davudoğlunun təmsil etdiyi sağ-mühafizəkar siyasi xəttin zəifləməsi fonunda ölkədə yeni siyasi balansın formalaşdırılması istiqamətində cəhdlərin olduğu ehtimalını istisna etmək olmaz. Bu, həm də sağ cinahın yenidən təşkilatlanmasına və siyasi çəkisinin artırılmasına hesablanmış daha geniş strateji prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Davudoğlunun aktiv siyasətdən çəkilməsi onun siyasi karyerasının tam başa çatması demək deyil. Türkiyə siyasətində əvvəllər də oxşar nümunələr olub. Ona görə də gələcəkdə onun yenidən siyasi proseslərdə iştirak etməsi və müəyyən rol oynaması ehtimalı qalır".
Siyasi şərhçi bildirib ki, Davudoğlunun qərarı Türkiyənin daxili siyasi mühitində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
"Çünki ölkənin siyasi sistemində yenilənmə ehtiyacı artıq uzun müddətdir hiss olunur və bu proses xarici siyasətdə baş verən dəyişikliklərlə də sıx bağlıdır. Son illərdə iqtisadi problemlərin dərinləşməsi, inflyasiyanın yüksək səviyyədə qalması və orta təbəqənin sosial-iqtisadi vəziyyətinin zəifləməsi ənənəvi sağ-mühafizəkar elektoratın mövqelərinə təsirsiz ötüşməyib. Bunun nəticəsində xüsusilə Cümhuriyyət Xalq Partiyasının təmsil etdiyi siyasi xətt cəmiyyətdə daha çox dəstək qazanmağa başlayıb. Belə şəraitdə sağ siyasi düşərgədə yeni konfiqurasiyanın formalaşması və siyasi tarazlığın yenidən qurulması istiqamətində addımların atılması gözləniləndir. Lakin bu proseslərin Türkiyənin siyasi xəritəsini hansı istiqamətdə dəyişəcəyini indidən qəti şəkildə söyləmək mümkün deyil. Bunun cavabını zaman verəcək".
Azər Hüseynovun sözlərinə görə, Əhməd Davudoğlu aktiv siyasətdən uzaqlaşsa da, onun formalaşdırdığı xarici siyasət konsepsiyası bu gün də Türkiyənin diplomatik yanaşmalarında müəyyən dərəcədə öz təsirini saxlayır:
"Təsadüfi deyil ki, Davudoğlu müasir Türkiyə xarici siyasətinin əsas nəzəriyyəçilərindən biri hesab olunur. Onun "Strateji dərinlik" konsepsiyası Türkiyənin regional dövlət statusu ilə kifayətlənməməsini, qlobal siyasi proseslərdə fəal aktora çevrilməsini nəzərdə tuturdu. Bu yanaşma Ankara üçün həm Qərblə, həm də Şərqlə eyni vaxtda çoxşaxəli münasibətlər qurmağı strateji zərurət kimi təqdim edirdi".
Ekspert bildirib ki, son illərdə Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz, Aralıq dənizi və digər regionlarda fəal siyasət yürütməsi müəyyən mənada həmin konsepsiyanın praktik elementlərini özündə əks etdirir:
"Doğrudur, bəzi istiqamətlərdə ABŞ və Qərb dövlətlərinin maraqları ilə üst-üstə düşən məqamlar var, digər məsələlərdə isə Ankara ilə Qərb arasında ciddi fikir ayrılıqları müşahidə olunur. Bütün bunlara baxmayaraq, Davudoğlunun nəzəri irsi Türkiyənin xarici siyasət düşüncəsində hələ də öz əhəmiyyətini qoruyur və onun siyasi səhnədən çəkilməsi bu ideoloji xəttin tamamilə aradan qalxacağı anlamına gəlmir".
Qeyd edək ki, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. O bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Əhməd Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib.
Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi.
Siyasət şöbəsi
Şərhlər