Dünya 16:27 17.05.2022

“Türkiyəsiz NATO modeli” nə vəd edir? - Politoloq

Türkiyənin son zamanlar müstəqil siyasi kursa üstünlük verməsi bəzi Qərb ölkələrinin narazılığına səbəb olur. Bəzi Avropalı siyasi xadimlər Türkiyənin NATO-dan çıxarılması məsələsini gündəmə gətirirlər. Düzdür, bu mümkün deyil. Yalnız Türkiyə öz istəyilə bu qurumla əlaqləri kəsə bilər. Nəzəri baxımdan bu baş verərsə, "NATO-suz Türkiyə”nin önəmi və əksinə, "Türkiyəsiz NATO”-nun önəmi nə olacaq?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Turan Rzayev düşünür ki, Türkiyənin NATO-dan çıxmasından Ankaradan daha çox alyans itirə bilər. Belə vəziyyətdə NATO silahlı qüvvə baxımından xeyli zəifləyə bilər:
 
"Hazırda isə Türkiyə güclü iradəyə malik bir dövlətdir. Türkiyə NATO üçün boğazların əhəmiyyəti ilə yanaşı, qurumun ikinci ən böyük ordusu deməkdir. Türkiyənin tətbiq etdiyi təlimlər, tədris metodları qurumda tətbiq edilir. NATO-da ən aktiv ordu personalı da qardaş ölkəyə məxsusdur. Bir sözlə, Türkiyə NATO üçün əvəzedilməz bir ölkədir. Bu mənada "Türkiyəsiz NATO” qurumun silahlı qüvvə baxımından kifayət qədər zəifləməsi demək olacaq. Türkiyə dünyanın 15 ən güclü ordusuna malikdir. NATO-nun sirr kimi saxladığı əksər təlim metodları Türkiyənin irəli sürdüyü metodlardır. Türkiyənin olmayacağı təqdirdə, NATO-nun taktiki döyüş bacarığının da zəifləyəcəyini görərik. Önəmlisi isə odur ki, NATO-dan kənarlaşmaqla Ankara boğazlara dair bir sıra beynəlxalq müqavilələrdən çıxa bilər. Çünki həmin halda Türkiyə boğazlarda sərbəst idarəçiliyə sahib ola  bilər. Qərb isə boğazlara olan nəzarəti itirə bilər. Deməli, əvəzində Rusiya, Çin donanması boğazlardan rahat keçə bilər”.

NATO-dan kənarlaşmağın Türkiyə nə verəcəyinə gəldikdə isə, ekspertə görə, bu vəziyyətdə gələcəkdə Ankara Türk Dövlətləri Təşkilatının hərbi qanadının yaradılmasına start verə bilər:
 
"NATO-dan çıxacağı təqdirdə Türkiyə türkdilli dövlətlər və ya region ölkələrindən ibarət "yeni bir NATO” yarada biilər. Buna misal olaraq, Türkiyə-Pakistan-Azərbaycan və ya Türkİyə-Azərbaycan-Gürcüstan formatını göstərə bilərik. Bu da olmasa türk birliyinin hərbi qanadı da yaradıla bilər”. 

NATO baş katibi Stoltenberqin İsveç və Finlandiyanın quruma qəbulu məsələsində Türkiyənin tutduğu mövqe fonunda Ankaranın hər hansı bir təhlükəsizlik narahatlığının həlli vacibliyini vurğulamasına gəldikdə, T.Rzayev bildirir ki, bu açıqlama qurum rəhbərinin qardaş ölkənin haqlı olduğuna işarə vurması deməkdir:
 
"İsveç nümayəndələri Türkiyəyə gələcək. Görünür tərəflər arasında fikir ayrılığı qalmaqdadır. Danışıqlar əsasında İsveç və Finlandiyadakı PKK terorçuların beynəlxalq məhkəmədə yarğılanması və ya başqa ölkəyə ekstradisiya edilə biləcəyini də təklif edə bilərlər. Bu mənada NATO baş katibinin Türkiyənin hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir fikri onun sözügedən məsələdə Ankaranın haqlı tələbini dəstəklədiyi kimi də yozmaq olar. Çünki Türkiyə NATO üçün çox önəmli ölkədir. Deməli, İsveç və Finlandiya Ankaraya güzəştə getməli olacaqlar”.

Rüfət Sultan