Xəbər lenti

Ölkə 12:32 31.07.2026

"Universitetlərin sayının azalması rəqabəti zəiflədir" - Ekspert

"Söhbət təkcə Bakı Qızlar Universitetindən getmir. Ümumilikdə ali təhsil müəssisələrinin fəaliyyətini dayandırmasından söhbət gedir və mən bu tendensiya ilə razılaşmıram. Tədrisin keyfiyyətinin necə olmasından asılı olmayaraq, bu gün universitetlərin bağlanmasına deyil, fəaliyyətini davam etdirməsinə ehtiyac var".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırmasının səbəblərini şərh edərkən deyib.

Ekspert bildirib ki, təhsil sistemində optimallaşdırma vacib olsa da, bu proses ali məktəblərin sayının azalması hesabına aparılmamalıdır:

"İstər orta, istərsə də ali təhsil pilləsində optimallaşdırma vacibdir. Ancaq Azərbaycanın universitetlərinin sayı elə də çox deyil. Hətta ərazisi bizdən xeyli kiçik olan ölkələr var ki, onların ali təhsil müəssisələrinin sayı daha çoxdur. Kimsə deyə bilər ki, əsas məsələ kəmiyyət deyil, keyfiyyətdir. Mən bu fikirlə razıyam. Amma unutmaq olmaz ki, kəmiyyət həm də rəqabət yaradır".
 


Elmin Nurinin sözlərinə görə, hazırda abituriyentlərin seçim imkanları da kifayət qədər məhduddur:

"Bu gün ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin seçə biləcəyi universitetlərin sayı çox deyil. Bölgələrdə barmaqla sayılacaq qədər universitetimiz var. Özəl universitetlərin sayı da çox azdır. Halbuki onların sayının artmasını gözlədiyimiz halda, əks prosesin şahidi oluruq. Bu gün ali təhsil sistemimiz zəifləyir. Hamı bilir ki, son illərdə Bakı Qızlar Universitetində təhsilin keyfiyyəti yüksək qiymətləndirilmirdi. Təhsil səviyyəsinə görə də xüsusi üstünlüyü ilə seçilmirdi. Əvvəlki dövrlərdə vəziyyətin necə olduğunu deyə bilmərəm, amma son on ildə universitet haqqında daha çox mənfi fikirlər səsləndirilib. Bununla belə, dünyada yalnız qadınların təhsil aldığı universitet modeli mövcuddur. Bu modelin məzmununu zənginləşdirmək, universitetin fəaliyyət istiqamətlərini genişləndirmək və onu gücləndirmək mümkün idi".
 


Qeyd edək ki, iyulun 30-da Bakı Qızlar Universitetinin fəaliyyətinə xitam verilib. Bundan əvvəl isə Azərbaycan Beynəlxalq Universiteti (ABU), Bakı Asiya Universiteti və Təfəkkür Universiteti də fəaliyyətini dayandırıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->