Yasamal rayonunda fəaliyyət gösrərən 99 saylı uşaq bağçasında oğurluq baş verib.
Qaynarinfo xəbər verir ki, sözügedən bağçanın müdirinin otağından 1 ədəd "Lenovo S351" markalı noutbuk və 1 ədəd LG markalı televizor oğurlanıb. Hadisənin törədən şəxs televizoru bağçanın həyətinə atıb.
Olay barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qabil Muradov (şərti) saxlanılıb. Əvvəllər məhkum olunmuş bu şəxs ilkin dindirmə zamanı əməlini etiraf edib. Həmçinin məlum olub ki, Qabil Muradov Yasamal rayonunda yerləşən "Badi Səba" şadlıq sarayından da oğurluq edib. O, şadlıq sarayının saxlanc yerindən müxtəlif məhsullar oğurlamaqla obyekt sahibinə 6675 manat ziyan vurub.
Qabil Muradova qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Qabil Muradov verilmiş ittiham üzrə özünü təqsirli bilib.
O, bağçadan oğurladığı televizoru həyətə atmasına da aydınlıq gətirib. Məlum olub ki, həmin vaxt kənardan tanımadığı bir şəxsin gəldiyini görüb. Əməlinin üstü açılmasın deyə televizoru bağçanın həyətinə atıb.
Məhkəmənin hökmü ilə Qabil Muradov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Seyid
Şərhlər