İdman 15:56 26.07.2023

Vaqif Cavadov “Qarabağ”ı nə dərəcədə şanslı görür: “Qara özü seçim edibsə…”

"Qarabağ” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk matçını keçirəcək. Azərbaycan çempionu Polşa klubu "Rakuv”la qarşılaşacaq. 

"Qarabağ”ın keçmiş futbolçusu Vaqif Cavadov şansları dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında Ağdam təmsilçisini favorit kimi göstərib, həmçinin son vaxtlar müzakirələrə yol açan Qara Qarayevin "Neftçi”yə keçidinə münasibət bildirib:

"Rəqib o dərəcədə güclü deyil, amma möhkəm komandadır. "Qarabağ” daha təcrübəlidir. Rəqibi tanımasam da, fikrimcə, "Qarabağ”da usta futbolçular çoxdur. Bu baxımdan üstünlük var. Hər bir komandaya hörmətlə, ciddi yanaşırlar. Bu da komandanın üstünlüyüdür. İnanıram ki, səfərdə istənilən nəticəni əldə edib, daha sonra Bakıda uğurlu çıxışla növbəti mərhələyə adlayacaq”.

"Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsinə adlayacağı təqdirdə "Aris” - "Bate” cütünün qalibi ilə qarşılaşacaq. Cavadov bununla bağlı müqayisə də aparıb: 

"Futbolda zəif rəqib yoxdur. Hamı futbol oynaya bilir. Əvvəllər Lüksemburq millisini zəif görürdük. Ancaq indi MDB ölkələri ilə müqayisədə güclü yığmalardan birinə çevrilib. Zəif komandalara o gözlə baxmaq olmaz. İnanıram ki, bu tempdə davam etsək, nəticələr qazanacağıq. "Qarabağ” da həmişə nəticə üçün oynayır. İndiki durumda üçüncü mərhələni keçdiklərini düşündükləri inandırıcı deyil. Belə olsa, yanıla bilərlər. İnanıram ki, yavaş-yavaş formaya düşəcəklər və ən yaxşı oyunlarından birini keçirəcəklər. Futbolçuların hansı durumda olduğunu, əlbəttə, Qurban Qurbanov daha yaxşı bilir. Hamı gördü ki, komanda hələ tam hazır deyil. Oyundan-oyuna yaxşılığa doğru gedəcəklərinə əminəm. Səbrli olmalıyıq. Nəinki "Qarabağ”ın, hətta "Neftçi”nin, "Qəbələ”nin və "Sabah”ın, ümumiyyətlə, Azərbaycanı avrokuboklarda təmsil edən hər bir klubun arxasındayıq”.

Mütəxəssis "Qarabağ”ın sabiq kapitanı, həm də yetirməsi olan və uzun illər bu komandanın formasını geyinmiş Qara Qarayevin "Neftçi”yə keçməsinə, onun gedişinin ağdamlılar üçün itki sayılıb-sayılmaması məsələsinə də münasibət bildirib:

"Mən Qaraya yalnız uğurlar arzulaya bilərəm. Bu, klubun və futbolçunun qərarıdır. Hörmətlə yanaşmaq lazımdır. "Neftçi”yə keçidinin düzgün olub-olmaması barədə nəsə söyləyə bilmərəm. Həm futbolçuya, həm də kluba uğurlar arzulayıram. "Qarabağ” Qaranı buraxıbsa, deməli, klub üçün çox böyük itki sayılmır. Qara özü seçim edibsə… Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar. Qara neçə illərdir, "Qarabağ”ın formasını geyinir və öyrəşib. Əlbəttə, belə futbolçunun gedişi hər bir komanda üçün itki sayıla bilər. Hər-halda qərarı özü və klub verib”. 

Son vaxtlar Qaranın istənilən formada olmaması və bunda yaş amilinin hər hansı rol oynayıb-oynamaması ilə bağlı söz-söhbətlərə veteran futbolçu belə cavab verib:

"İstər güclü, istərsə də zəif futbolçu olsun, daim oynamırsa, əlbəttə, eniş yaşayacaq. Futbolçu daim əsas heyətdə oynamalıdır ki, yaxşı formada olsun. Oynamaya-oynamaya formada qalan futbolçu yoxdur. Varsa, deməli, mənim futboldan başım çıxmır. Yaş amili? 30 yaş nədir ki? Sizi də başa düşə bilmirəm. 22 yaşında deyirsiz gəncdir, 30 olanda qocaldığını bildirirsiniz. 24 yaşı olanda "perspektivlidir” deyirlər. Bu necə ola bilər? 21 yaşlı futbolçu necə gənc sayıla bilər? Futbolçunun ən yaxşı və stabil vaxtı 27-32 yaş aralığıdır”.

Səbuhi Həsənov