Azad QARADƏRƏLİ
Ölkə 12:33 19.12.2020

Vətən Müharibəsi şəhidi Oqtay Səfərovun xatirəsinə

Azad Qaradərəli

AY KÖNÜL...

Yaz. Hər yerdə gül açmış, aça bilməyən də gülə bənd olub naz satırdı. 

Ömründə nə gülə doyunca baxa bilmiş, nə ətrini sinəsinə çəkmiş, nə də bundan bihuş olmağın sirrindən xəbərdar olmuşdu. Qalmışdı ki, gülə bənd olsun, hələ-hələ naz satsın...

O, heç yaza da yaz kimi baxa bilməmişdi ki...

Tay-tuşları yazın dadını çıxardanda o çalışdı, işlədi, pul qazanıb ailəsinə yardımçı oldu. Həm oxuyur, həm işləyirdi. Hətta yazdan açığı gəlirdi – hərdən günlərlə selləmə yağar, onun işləməsinə mane olurdu... Küçələrdən sel gedir, ayaqqabı su buraxır, paltar islanır, işləmək müşkülə dönür...
Və belə bir yaz günü onu görmüş, ona ayrı gözlə baxmış və qolu boşalmış, ürəyi yağ kimi ərimiş, damarlarında qan sürətlə axaraq ürəyini bərk-bərk döymüşdü – elə bil anası paltarı çayda yıxalayıb toqqaşdayırdı...

O gün yaxşı işləyə bilmədi. Evə dönən kimi anası kəsdi üstünü:

"Gözüm qurban, nəyin var?! Kim xətrinə dəyib?”

Bacısı qucaqlamış, yalvarmışdı:

"Bacın qurban, de nə olub?.. Rəngin niyə qaçıb?!. Bıyyyy!.. Hə, hə! Mən bilirəm, mən bilirəm, qardaşım vurulub!.. Kimdi o bəxtəvər?!”

Çox çəkmədən ondan cavab ala bilmişdi bacısı. Həqiqətən, bu beləymiş. Amma heç uzaqda deyilmiş. Hər gün gördüyü qonşu qızını bu gün o bir ayrı cür görmüş, onun könül simlərini qız elə tərpətmişdi ki, alışıb-yanmış, bihal olmuşdu. O mahnıda necə deyilir? "Bihal oldum, bihal oldum, bihal...”
 


Amma... oğlan dərdini bacısına belə açmışdı:

"Ay ürəyim, çox pis olmuşam, e çox pis. Bu sevda niyə çıxdı önümə? Kəsib keçdi məni. Axı mənim dərdim başımdan aşır. Atam o gündə, sənə, anama əl tutmalıyam... Elə lazım olsaydı, təhsilimin dalınca gedərdim də... Özümü çox boğdum, sıxdım, canımı dişimə tutdum, qıza istədim deyəm ki, mən ayrı yolun yolçusuyam, mənə ümid bağlama, deyə bilmədim. Dilim dönmədi. Bir yannan da qıymadım ona. Qorxdum ürəyi sına...”
"Ürəyim sənə qurban. Heç  sıxma qəlbini. Bu sahat evlənmirsən ki. İşləyərsən, pul qazanarsan, bir il nişan apararıq, bir il xınayaxdı eliyərik, bir il də toyunuzu eliyərik... Ailəni də saxlayarsan, əzizlərinə də əl tutarsan... Dərdin mənə gəlsin, burda nə var ki?.. Hamı belə eliyir. Heç ürəyini sıxma...”
Bacısının al-dilindən sonra sakitləşmişdi.
*

Gün-günə calandı. İşlədi, özünü oda-közə vurdu, hətta Türkiyəyə də getdi iş dalınca. Qazandı, gətirdi. Ailəsinə də əl tutdu, nişan taxması üçün də olanı etdi...

Kor tale qoymadı. Gah bir qohum öldü. Gah ayrısı. Sonra da pandemiya...

Və bir gün də Aprel döyüşləri başladı. Onda da qolunu çırmadı ki, döyüş uzansa, könüllü yollana. 
Sonra Tovuz hadisələri... General Həşimovun vurulması...

Heç özündə-sözündə olmadı günlərlə. Eynən vurulduğu gün kimi. Bu da vurulmaqdı, fəqət Vətən vurğunluğu... Bir xəstə ataya baxdı, bir əli ona uzalı anaya, bir "qardaş” deyəndə dodağı çat verən bacıya... Və... Və... Onu vuran, onu çarpan, onu tutqulu edən qıza döndü... Heç birindən keçəmmədi... Fəqət qarşıda dumanın-sisin içində, mücərrəd, heç kimin doğru-dürüst tanımadığı, səsi çıxmayan, ünü eşidilməyən, qanı axsa da görünməyən, yanıb cızdağı çıxsa da, duyulmayan, zira igid çiynində diri qalan, yerə qoysa dəfn ediləcək Vətən deyilən bir məfhum da vardı... Çağırır, çağırır, çağırırdı... Səs vermə, görüm necə vermirsən?!. Bu yerdə gözün qızır, heç nə görmür, o səsi tutub gedirsən... Və bu vaxt  yolunu kəsib səni vuran, qanını qaynadan, ürəyini coşduran, səni yaza, yazlığa, gülə, güllüyə mail edən, bihal edən o qız çıxır yoluna yenə... O da dili əsə-əsə, qəlbi pörşələnə-pörşələnə göz yaşıynan suladı onun yollarını. Gedənin dalıncan su atarlar ya, oğlan belə yozdu bunu: get igidim, yolun açıq olsun! Düşməni boğ ki, Vətən azad olsun... Su kimi get, su kimi gəl... Gəl ancaq...

O istədi "Bihal oldum” desin, amma dili dönmədi, mahnı zamanı deyildi. İçindən bircə bunlar keçdi:

"Mən sənə nə deyim, ay könül... Sən heç yaxşı iş tutmadın. Demişdim axı sənə: eşq, sevda mənnik deyil... Mənim dərdlərim vardı, əlli-ayaqlı... Atamın, anamın, bacımın gözü məndədir axı... Mən onlarçün yaşayıram... zatən bunu edirdim də... amma bəs sən nə etdin? Yoluma kəsdin, könül... Mən oraların adamıydımmı... İndi mən nə edim, ay könül?!

Və Vətən çağırdı, Vətən!.. Bu bir ayrı əhddir, eşqdir, sevdadır – bundan dönən bizdən deyil!” 
*

"Mən oğlumu heç tanımamışam... Mənim oğlum o qədər sadə idi, o qədər saf idi, o qədər təmiz idi, heç kimin xətrinə dəyməzdi... Heç toyuq başı da kəsməzdi... Amma... Mən belə bilirmişəm... Mən heç oğlumu tanımamışam ki... Deyirlər ki, nə qədər düşmən qırıb... allah qorusun... Qan töküb balam... Düşmən qanın töküb... Sonra da özü... Yox, yox, yox... Mən bunu dilimə gətirə bilməyəcəm... Ana necə inansın balasının şəhid olduğuna?!. Axı onun nəşini necə vaxt keçəndən sonra tapdılar... Heç hələ indi də mən onun yoxluğuna inanmıram ki... O bilir ki, yolunu gözləyən var... Gələr balam...”
"Qardaşım şəhid oldu. Bu dəfə şəhid adıynan qorudu bizi... Vətəni də, bizi də şəhid nəfəsiylə qorudu... Onun qanı yenidən qurulan sərhədlərimizi cızdı... "

"Mən sözümü o gedəndə demişəm. Nakam eşqimizi Vətənə qurban verdik. Vətən sağ olsun... Ayrı sözüm yoxdur... Yoxdur... O da yoxdur... Mən də yoxam... Biz yoxuq... Bəzən "yoxun” özü də gözəl olur... İndi "yox”un yerində "şəhid” var. Əvvəl tək mənim olacaqdı, indi hamınındır...”

*

Qışın oğlan çağında bu nə yaz-büsatıdır? Onun yatdığı torpaqda çiçəklər necə açdı bir gündə? Vuran, vurulan küllər hansı ürəklərdən rişə aldı? O kimdi hələ oxuyur?

bihal oldum, bihal oldum, bihal...