SSRİ adlı imperiya dağıldıqdan sonra Kreml dəfələrlə bu "velikaya derjava”nı yenidən "xortlatmaq” arzusunu dilə gətirib. Lakin tarix göstərdi ki, insanları zorla sosial bərabərlik ideologiyası altında idarə etmək utopiyadan başqa bir şey deyil. Ümumiyətlə, xislətində vəhşilik gizlənmiş insan heç vaxt sosial bərabərliyə söykənən cəmiyət qura bilməz. Saxta ideologiyalar üzərində qurulmuş bu imperiyanın da ömrü uzağı 70 ilə qədər uzana bildi. Tarixin bir dönəmində zorla SSRİ-yə qatılmış respublikalar hazırda öz süveren həyatını yaşamaqda, özünü inkişaf etdirməkdədi. Bu respublikalar köhnə sovet ideologiyasını yaşatmağı davam etdirsəydilər, axırda gəlib bugünkü Kuba respublikasının gününə düşəcəkdilər.
Gəlin, bugünkü Kubaya atüstü bir nəzər salaq.
Kuba uzun illər sosializm və kommunizm ideyalarının cazibəsi ilə yaşayan, lakin real həyatda acı nəticələrlə üzləşən bir ölkədi. 1959-cu ildə Fidel Kastro ABŞ-ın dəstəklədiyi Batista rejimini devirdi və ölkədə sosialist modelə əsaslanan bir sistem qurdu. İlk dövrlərdə inqilab böyük ümidlər yaratsa da, zamanla bu idealların reallıqdan nə qədər uzaq olduğu ortaya çıxdı.
Fidel Kastro və Ernesto Çe Gevara rəhbərliyində formalaşan yeni Kuba hökuməti bərabərlik, sosial ədalət, pulsuz təhsil və səhiyyə vəd edirdi. Lakin sosializm adına aparılan siyasət insan azadlıqlarının, iqtisadi təşəbbüslərin və şəxsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələndi.
Dövlətin fərdi sahibkarlığı yasaqlaması, xarici ticarəti öz nəzarətinə alması iqtisadi inkişafı demək olar ki, tamamilə iflic etdi. İllər keçdikcə ölkə xarici yardımlara və xüsusən də Sovet İttifaqının subsidiyalarına arxalanmağa başladı. SSRİ-nin dağılmasından sonra isə Kuba iqtisadi cəhətdən sərt böhranla üz-üzə qaldı.
Bu gün Kuba əhalisinin gündəlik həyatı ciddi sosial-iqtisadi çətinliklərlə doludur. Əhalinin böyük əksəriyyəti dövlət tərəfindən verilən kuponlarla sürünmə səviyəsində yaşamaq məcburiyyətindədi. Çünki subsidiya ilə verilən bu ərzaq kartları əhalinin ehtiyaclarını tam qarşılamır. Mağazalarda tez-tez ət, süd, düyü, un, yağ kimi əsas ərzaq məhsullarının qıtlığı yaranır. Gündəlik tələbat mallarının çatışmazlığı geniş yayılıb, apteklərdə adi dərmanı belə, tapmaq çətinləşib, enerji böhranları nəticəsində günlərlə işıq və qaz verilişi dayandırılır.
Ölkədə orta aylıq əməkhaqqı 15-30 ABŞ dolları civarındadır. Əlbəttə bu məbləğlə insanların yaşaması mümkün deyil. Rəsmi iş tapa bilməyən insanlar turizm və ya qara bazarda müxtəlif qeyri-rəsmi işlərlə dolanmağa çalışırlar. Gənc qadınlar utanmadan turistlərlə xoş istirahət üçün tanış olurlar. Qiymətlər razılaşma yolu ilədir, məsələn, bir saatlıq sevgi üçün 5 dollardan, bir həftəlik birgə istirahət üçün 100 dollara qədər dəyişir. Yaşlı avropalılar və amerikalılar isti, ehtiraslı qızların təkliflərini məmnuniyyətlə qəbul edirlər.
Əhali daha çox xaricdən pul göndərən qohumlarına güvənir, minlərlə kubalı isə qeyri-qanuni yollarla ölkəni tərk edərək ABŞ-a, yaxud digər Latın Amerikası ölkələrinə üz tutur. Artıq, gənclər öz gələcəyini ölkə xaricində axtarır, rejim isə hələ də ideoloji ritorika ilə reallığı gizlətməyə çalışır.
Kuba, bir partiyalı rejimlə idarə olunur, kommunist partiyası ölkədə yeganə qanuni siyasi qurumdur. Müstəqil mətbuat, azad seçkilər və vətəndaş cəmiyəti faktiki olaraq, mövcud deyil. Ölkədə senzura gündəlik həyatın ayrılmaz hissəsidir və informasiyalara çıxış ciddi məhdudlaşdırılıb.
Kuba uzun illərdir ki, ABŞ tərəfindən iqtisadi embarqo ilə üzləşib. 1960-cı illərdən tətbiq edilən bu sanksiyalar, Kuba rəhbərliyi tərəfindən ölkədəki sosial-iqtisadi böhranların əsas səbəbi kimi göstərilir. Lakin reallıqda iqtisadi çöküşün səbəbi yalnız xarici deyil, əsasən daxili siyasətin və idarəetmənin uğursuzluqları ilə bağlıdır.
Avropa Birliyi və digər Qərb ölkələri də ölkədə insan haqlarının pozulmasına görə Kuba ilə münasibətlərdə ehtiyatlı davranırlar. Ölkə 1990-cı illərin sonlarından başlayaraq, Venesuela və Çin kimi ölkələrdən yardım almasına baxmayaraq, bu gün dünya sistemindən təcrid olunmuş azsaylı dövlətlərdən sayılır.
Sosialist inqilabı bir zamanlar bərabərlik və azadlıq simvolu kimi təqdim olunurdusa, bu gün o, daha çox xəbərdarlıq nümunəsidir! Əlbəttə, sosialist ideaları insan azadlığı və demokratik institutlarla müşayiət olunmazsa, hər zaman cəmiyəti fəlakətə sürükləyəcək.
Ona görə, yoldaş Putin, bizə sənin "hədiyyə etmək” istədiyin sosialist respublikası lazım deyil. Sən o idealarını öz Rusiyanda həyata keçirməyə çalış!
Murad Köhnəqala
Şərhlər