Orxan Saffari
Sənət 14:00 06.04.2022

Vətəndən nə gözləmək olar?

Orxan Saffari

"Bayrakları bayrak yapan üstümdeki kandır,
Toprak-eyer urunda ölen varsa,vatandır." (C) 

Nədir vətən? Xüsusi ilə hərbi xidmətə-30 ildən sonra dədə-baba torpağına, Qarabağa gələndə bu suala çox cavab axtardım. Bilmirəm bu son anladığımdırmı, nə vaxtsa başqa şeylər düşünəcəmmi? Amma indi onu bilirəm ki, vətənə tərif vermək, inşa səviyyəsində vətən anadır zad demək mənasızdır. Vətən həqiqətən bu deyil, tərifsiz, ölçüyə gəlməzdir. 

Əsgərlik düşüncəsi ilə danışsam, gərək bunların heç birini deməyəm, amma vətən haqqında düşüncələrim daim mülki səviyyədədir. 

30 ildən sonra heç vaxt görmədiyim dədə-baba torpaqlarımın, Qarabağın çox yerlərini görmüşəm. Laçın, Kəlbəcər-Zəngəzur, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli tərəflərdə, xidmət apardığım yerlərin hər tərəfində ucsuz-bucaqsız, o yekə bozlu-qaralı, bayraqlı-postlu, qarlı-dumanlı dağlara baxıb çox düşünmüşlüyüm var; 

Axı, nədir bu düzənliyi, heç kimin şərait qurub yaşamayacağı yerləri müqəddəs edən?! 

Məncə, bunun tək səbəbi insanlar, bütün bunların uğrunda canından keçənlər, tökülən qanlardır. Bəli, vətən adamdır, adamlardan ibarətdir. Bir az dostlarımızdan, bir az ailəmizdən, bir az sevdiyimiz qadından ibarətdir. Bir sözlə, vətən haqqı salamdır. İnsanı olduğu yerlərə bağlayan guya nədir ki? Kosmopolit olub bunları vecə almamaq da olar, amma bu şəraitlə, bu düşmənlə kosmopolit olmaq düşüncə məhdudiyyətli olmaqdan başqa bir şey deyildir. 

Bəli, məhz torpaq uğrunda ölən varsa, vətəndir. 

Vətəndən nə gözləmək olar bəs? Onu qorumaq həqiqətən borcdurmu? Məncə, bu da hə. Amma bu, əsgəri borc deyil, bu insani, vicdanı borcdur. Vətəni qorumaq özünü, ailəni, sevdiklərini qorumaqdır. 

Heç bir mükafatın yetmədi mənə
Bircə"sağ olun da" bəsimdi, vətən
Bəsimdir hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən. 

Qol verdin boynunu qucaqlamağa
Göyünə baxmağa göz verdin,bəsim
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin 

Nə çiçək, nə sancaq oldum yaxanda
Bir ömür yaşadım əkinçi ömrü
Qalır sel ağzında çay qırağında
İkinci həyatım ikinci ömrüm 

Nəsə qayalara yapışıb qalar
Nəsə mamırlara dönüb göyərər
Mən elə beləcə göz qabağında
Gəzəri tabuta dönməsəm əgər 

(C) Məmməd Araz 

Vətən haqqın yazılan şeirlərdən ən çox sevdiyim, vətəni sevməyi ifadə edən şeirdir. Məncə, vətənə elə bu cür yanaşmaq lazımdır. Təltifsiz, mükafatsız. Bircə quru sağ ola. 

Vətən elə bir şeydir ki, ona bu cür yanaşıb küsüb-incimək də olar. Belə lap getmək də olar. Axı, bizi incidən elə sevdiklərimizdi. Lap elə Ramiz Rövşənin "Vətəni" kimi. 

Vətəni sevməyin şərti həqiqətən də ağırdı.