Xəbər lenti

İlon Mask yeni layihəsini açıqladı -
Texnologiya 14:10 22.03.2026

İlon Mask yeni layihəsini açıqladı - "Terafab" nədir?

Dünyanın ən varlı insanları siyahısında birinci yerdə olan İlon Mask süni intellekt, robototexnika və kosmosdakı məlumat mərkəzləri üçün çip istehsalını hədəfləyən yeni layihəsini təqdim edib. 

Qaynarinfo xəbər verir ki, "Terafab" adlanan bu layihənin detalları açıqlanıb.

Maskın son iddialı təşəbbüsü ABŞ-ın Texas ştatının Austin şəhəri yaxınlığında inşa olunacaq istehsal müəssisəsini əhatə edir. "Terafab” adlanan bu müəssisənin ildə bir teravatt hesablama gücü istehsal etməsi planlaşdırılır. Bir teravatt bir trilyon vata bərabərdir. Sənaye mənbələrinə görə bu göstərici ABŞ-ın ümumi enerji istehsal gücünə yaxın səviyyədədir.

Məlumata görə, layihə "Tesla" və "SpaceX" tərəfindən birgə həyata keçiriləcək. Rəsmi olaraq ilkin investisiya məbləği açıqlanmasa da, ABŞ mediasında bu rəqəmin 20–25 milyard dollar arasında olacağı bildirilir.

Austin şəhərində qurulacaq bu yüksək texnologiyalı mərkəzdə çiplərin dizaynı, istehsalı, test olunması və inkişaf etdirilməsi üçün tam infrastrukturun yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi dünyada 100–200 gigavatt, kosmosda isə 1 teravatt hesablama gücünü dəstəkləyən çiplərin istehsalıdır.

Layihənin başlanma tarixi ilə bağlı rəsmi qrafik hələ açıqlanmayıb.

ABŞ mediasının məlumatına görə, "Terafab” çərçivəsində iki əsas çip kateqoriyası istehsal olunacaq:

Birinci qrup – "Tesla"nın avtonom avtomobilləri və xüsusilə insansı robot "Optimus" üçün nəzərdə tutulan çiplər;

İkinci qrup – "D3” adlanan və kosmik şəraitə davamlı çiplər.

Mask bildirib ki, gələcəkdə məlumat mərkəzlərinin böyük hissəsi aşağı orbitə yerləşdirilə bilər. Bu isə günəş enerjisi ilə işləyən süni intellekt peyklərinə ehtiyacı artırır.

Mask həmçinin günəş enerjisi ilə işləyən və 100 kVt güc təmin edən mini süni intellekt peyklərinin konseptini təqdim edib. Gələcəkdə bu peyklərin gücünün meqavat səviyyəsinə çatacağı gözlənilir.

İlon Mask bildirib ki, "Terafab” layihəsi insanlığın digər planet və ulduzların resurslarından istifadə edə bilən "qalaktik sivilizasiya”ya çevrilməsinə töhfə verəcək.

Aydın

--> -->