Xəbər lenti

Siyasət 09:07 22.07.2022

Vilayəti-fəqihin kəbirə günahı: Xameneyini yalan danışmağa nə məcbur edib?

İranın Ali Rəhbəri Seyid Əli Xameneyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın görüşü birincinin Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olan fikirləri ilə yadda qaldı. Söhbət Xameneyinin görüşdən dərhal sonra "Tvitter” hesabında tirajlanan fikirlərindən gedir. "Qarabağın Azərbaycana qayıtmasından məmnunuq. Əlbəttə ki, İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti izlənilsə, İslam Respublikası buna qarşı çıxacaq. Çünki bu sərhəd neçə min illik rabitə yoludur”, - İranın Ali Rəhbəri  bildirib. 

Qeyd edək ki, İran-Ermənistan sərhədi 35 kilometrdir. Bu sərhəd Zəngəzurun  Ermənistana verilməsindən sonra formalaşıb. Yəni, İran-Ermənistan sərhədinin tarixi min illəri əhatə etmir. Digər tərəfdən, sərhəd Azərbaycanın tarixi torpaqları əsasında yaradılıb. Xameneyi bunları bilməmiş deyil və heç şübhəsiz Ali Rəhbər tarixi açıq şəkildə təhrif etməklə xüsusi məqsəd güdüb. İranın Azərbaycanla münasibətləri daim dalğavari xarakter daşıyıb. Tehran hər zaman Azərbaycanın dövlət olaraq inkişafına qıcıqla yanaşıb. Adətən Tehranın Azərbaycana yönəlik kinli davranışları yanlış olaraq rəsmi Bakı ilə İranın "İslam düşməni” elan etdiyi ölkələr arasındakı əməkdaşlıq münasibətləri ilə izah edilir.

Əslində, başlıca səbəb Cənubi Azərbaycan amilidir. Tehran üçün Cənubi Azərbaycan faktoru hər zaman təhülkə kimi görünüb. Azərbaycanın İrana qarşı ərazi iddiası etmədiyinə baxmayaraq, Tehran belə bir təhlükəni real hesab edir. İranın Azərbaycanı açıq şəkildə təhdid etməsi, bu ölkəni az qala İran ərazisi sayması, tarixi təhrif etməsi heç də hərbi-siyasi cəhətdən qüdrətli olması ilə bağlı deyil. Əvvəla, Azərbaycan kiçik ölkə olsa da, öz ərazilərini müdafiə etmək gücündə olduğunu 44 günlük müharibədə nümayiş etdirib. Əlbəttə, Ermənistan İran deyil. Amma Azərbaycanla döyüşən də Ermənistan deyildi. İkincisi, İran uzun illərdir faktiki blokada şəraitindədir və korrupsiya girbadında boğulan ölkələrə siyahısındadır. İranın Azərbaycana qarşı iddialarını açıq şəkildə səsləndirməsi əsasən şiəlik faktoru ilə bağlıdır. Azərbaycan müsəlmanlarının çoxu şiədir və İranda cəfərilik hakim məzhəbdir. Nəzərə alsaq ki, şiə etiqadında vacibatda müctəhidə təqlid şərtdir, o zaman Tehranın nədən bu amildən əsas silah kimi istifadə etməsi haqqında təsəvvür yaranır. 

Məsələ burasındadır ki, Azərbaycanda mərcəyi-təqlid titulunu daşıyan ruhani yoxdur və burada şiə etiqadında olan dindarlar İranla İraqda fəaliyyət göstərən müctəhidlərin fətvalarını əsas götürürlər. Seyid Əli Xameneyi isə vilayəti-fəqih kimi dünya şiələrinin lideri hesab edilir. Rəsmi Tehran hər zaman bu amildən təsir rıçağı kimi istifadə edərək məqsədinə nail ola biləcəyini düşünür. Lakin İranın dini-siyasi elitası unudur ki, Azərbaycanda şiə etiqadında olanların əhəmiyyətli hissəsi din və siyasəti bir-birindən ayıra bilir, təqlid etdikləri müctəhidin siyasi deyil, dini görüşlərinə daha çox diqqət edir. Doğrudur, ölkəmizdə İranın dinlə pərədələnmiş siyasi gedişlərini İslama xidmət kimi dəyərləndirənlər də var. Bu, əlbəttə siyasi şüur səviyyəsinin aşağı olması, İranın liderlərini siyasi fiqur kimi deyil, daha çox ruhani kimi qəbul etmələrindən irəli gəlir. Burada Azərbaycanda dini sahə ilə bağlı yürüdülən siyasətdə müəyyən yanlışlıqların da rolu var. Lakin bu cür düşünənlər kifayət qədər azdır və zaman-zaman cəmiyyətin qınağına tuş gəlirlər. Xameneyinin İran-Ermənistan sərhədi barədə dediklərinin kökündə də Azərbaycana dövlət olaraq qərəzli yanaşma dayanır. İran hər zaman Azərbaycanla hədə tonunda danışmaq, onu təhdid etmək üçün səbəb tapacaq. Xameneyinin təbirincə desək, İran-Ermənistan sərhədinin bloklanması Zəngəzur dəhlizinin açılışı ilə baş tuta bilər. Xameneyi də məlum fikrini bu kontekstdə deyib. Əslində, özünü dünya müsəlmanlarının təəssübkeşi kimi təqdim edən İranı müsəlman ölkəsi olan Azərbaycanla sərhədlərinin bir qədər də uzanması narahat etməməlidir. Amma yuxarıda qeyd etdiyimiz kimi bu, rəsmi Tehranın Azərbaycanı bir dövlət olaraq qəbul emək istəməməsi, ən müxtəlif vasitələrlə, onu zəiflətməyə və nəticədə müstəqil təsisat kimi aradan qalxmasına çalışması ilə əlaqəlidir. İranın bu niyyəti "sərhəd məsələsi”  kimi yalanlara rəvac verir. Yalan isə İslamda kəbirə günahlardan hesab edilir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->