Bank xidmətlərinin baha olmasının əsas səbəblərindən birinin "Visa” və "MasterCard”ın tətbiq etdiyi yüksək xidmət haqları olduğu bildirilir. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarların bank xərclərinin azaldılması məqsədilə beynəlxalq ödəniş şirkətləri ilə danışıqlar aparır. Bu fikirləri bu gün Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında səsləndirib.
Bəs "Visa” və "MasterCard”ın xidmət haqları sahibkarların xərclərini konkret olaraq necə artırır? AMB sahibkarlar üçün bank xidmət haqlarını azaltmaq məqsədilə daha hansı addımları ata bilər?
Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda bankların 90 faizindən çoxu beynəlxalq kart infrastrukturundan asılıdır:
"Bir kart ödənişi zamanı tətbiq edilən scheme fee (0,1–0,4%) — yəni "Visa" və "MasterCard"ın şəbəkə haqqı birbaşa bu beynəlxalq şirkətlərə ödənilir. Bu isə qlobal maliyyə arxitekturasının yerli iqtisadiyyat üçün yaratdığı əlavə xərclərdən biridir. Alternativ bir sistemin qurulması isə təxminən 150–200 milyon dollar, bəlkə də daha çox vəsait tələb edir və bu proses illərlə davam edə bilər".
Ekspertin sözlərinə görə, AMB sədrinin mövqeyi strateji baxımdan əsaslıdır:
"Problem təkcə banklar səviyyəsində deyil, bütövlükdə sistem səviyyəsində mövcuddur. Ayrı-ayrı bankların bu şirkətlərlə danışıqlar aparmaq gücü zəifdir. Bu məsələni yalnız mərkəzi banklar və ya regionlararası maliyyə blokları həll edə bilər".
İsmayıl Məmmədov əlavə edib ki, qlobal inteqrasiyadan tam çıxmaq iqtisadi izolyasiya deməkdir. Ona görə də çıxış yolu tam alternativ deyil, paralel sistemlərin formalaşdırılmasıdır:
"Milli kart sistemlərinin genişləndirilməsi vacibdir. Tam əvəzləmə yox, paralel işləyən sistemlər qurulmalıdır".
Ekspert atılacaq bu addımların sahibkarların xərclərinə də birbaşa təsir göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, sahibkarların bank xərcləri azaldıqca inflyasiya səviyyəsi və nağd dövriyyə də azalacaq:
"Rəqəmsal ödənişlər bahalı olduqca, iqtisadiyyatın rəqəmsallaşmasından danışmaq mümkün deyil. Ən vacib məsələ də budur. Bu problemin həlli təkcə bank sektorunun deyil, ölkənin ümumi rəqabət qabiliyyətinin məsələsidir".
Günay İlqarqızı
Şərhlər