Süni intellekt (Al) alətləri turizm sahəsinə getdikcə daha çox nüfuz etsə də, səyahətçilərin heç də hamısı onlara tam etibar etməyə tələsmir.
Qaynarinfo xəbər verir ki, “Hilton 2027 Trends” araşdırmasının nəticələrinə görə, tətil planlaşdırarkən real insanların təcrübəsi və biliyi turistlər üçün əsas vasitələr olaraq qalır. Bununla yanaşı, onlar rəqəmsal alətlərə daha çox səyahət marşrutunun sonrakı planlaşdırılması üçün başlanğıc nöqtəsi kimi baxırlar.
Araşdırmanın müəllifləri bildirirlər ki, səyahətə çıxdıqdan sonra bir çox səyahətçi alqoritmlərin təqdim etdiyindən kənar məlumat axtarır. Bu restoran həqiqətən haqqında deyildiyi qədər yaxşıdırmı? Bu gün hansı rayonda ən yaxşı ab-hava hökm sürür? Yerli sakinlər əslində hara gedirlər? Səyahətçilər getdikcə daha çox otel əməkdaşlarına müraciət edir və onlardan onlayn rəylərə deyil, real təcrübəyə əsaslanan cavablar gözləyirlər.
Onlar vurğulayırlar ki, konsyerj və otel əməkdaşlarının tövsiyələri insanların kollektiv şəkildə topladığı fikirlərin nəticəsi deyil. Bu məsləhətlər ərazi haqqında uzun illər ərzində toplanmış biliklərə və konkret qonağa nəyin uyğun gələcəyini intuitiv şəkildə anlamağa əsaslanır.

Eyni zamanda analitiklər hesab edirlər ki, turistlər üçün ən optimal yanaşma bu iki vasitənin birləşdirilməsidir: daha sürətli və geniş axtarış imkanları təqdim edən süni intellektdən istifadə etməklə yanaşı, real insanların tövsiyələrindən də yararlanmaq.
Araşdırmanın nəticələrinə əsasən, hazırda sorğuda iştirak edən səyahətçilərin 70 faizi səfərləri planlaşdırarkən otel əməkdaşlarına güvənir, 63 faizi isə qərar qəbul edərkən süni intellekt alətlərindən istifadə edir. Lakin Al-dan daha incə və mürəkkəb məsələləri həll etmək tələb olunduqda ona olan etimad azalır. Respondentlərin yalnız 22 faizi öz maraqlarını nəzərə alan marşrutun hazırlanmasını, 20 faizi restoran və ya barların seçilməsini, cəmi 18 faizi isə az tanınan yerli görməli yerlərin və ya əyləncələrin axtarışını Al-a həvalə etməyə hazırdır.
Bu məsələyə münasibət nəsildən-nəslə də dəyişir. Millenniallar (1981-1996-cı illərdə doğulanlar) rəqəmsal alətlərin tövsiyələrinə ən açıq qrupdur. Onlar bütün yaş qrupları arasında marşrutların hazırlanması (26 faiz), restoran seçimi (23 faiz) və səyahət ideyalarının axtarışı (23 faiz) kimi məsələlərdə Al-a ən yüksək etimad göstərirlər.

Əksinə, “bebi-bumer” nəslinin nümayəndələri (1946-1964-cü illərdə doğulanlar) real insanların təcrübəsinə daha çox güvənirlər. Onlar səyahətlə bağlı müxtəlif qərarlar qəbul edərkən turagentlərə və otel əməkdaşlarına üstünlük verirlər.
Bununla yanaşı, səyahətlə bağlı qərarlar qəbul edilərkən ailə üzvləri turistlər üçün ən etibarlı məsləhət mənbəyi olaraq qalır — respondentlərin 87 faizi bu mənbəyə güvəndiyini bildirib. Səyahətçilər ən çox həyat yoldaşlarının və ya partnyorlarının məsləhətlərinə (51 faiz) güvənirlər. Onları bacı-qardaşlar (16 faiz) və analar (13 faiz) izləyir.
Bebi-bumer nəslinə aid valideynlərin 29 faizi səyahətlə bağlı tövsiyələrin əsas mənbəyi kimi övladlarını göstərib. Eyni zamanda yüksək rəqəmsal savadlılıq şəraitində böyüyən ilk nəsil olan Z nəsli (1997-2012-ci illərdə doğulanlar) etibarlı məsləhət almaq üçün millenniallarla müqayisədə iki dəfə daha çox valideynlərinə müraciət edir.

Ekspertlərin sözlərinə görə, səyahət məsələlərində etimad yalnız ailə və dostlarla məhdudlaşmır. Səyahətçilər getdikcə öz bacarığını praktikada sübut etmiş şəxslərin — “points-maxxers”, yəni loyallıq proqramlarında mümkün qədər çox bonus və xal toplamağı bacaran insanların — məsləhətlərinə də qulaq asırlar.
İnternetdə sonsuz sayda tövsiyənin olduğu bir dövrdə loyallıq proqramında yüksək status etibarlılığın göstəricilərindən birinə çevrilib. Bu status həmin şəxsin çox səyahət etdiyini, sistemin imkanlarını yaxşı bildiyini və başqalarının diqqətindən yayına biləcək üstünlüklərdən istifadə etməyi bacardığını göstərir. Beləliklə, səyahət sahəsində yeni nüfuzlu ekspertlər təbəqəsi formalaşır. Bunlar məşhurlar və ya məzmun yaradıcıları deyil, insanın öz çevrəsindəki loyallıq proqramlarının təcrübəli iştirakçılarıdır.

Vəziyyətə regionlar üzrə baxdıqda, səfərlərin planlaşdırılmasında Al alətlərindən istifadəyə çinli səyahətçilər liderlik edir. Onların 35 faizi süni intellekt əsasında universal xidmətlərdən, 21 faizi isə Al ilə işləyən ixtisaslaşmış səyahət planlaşdırıcılarından istifadə etmək niyyətindədir.
ABŞ-da isə etibarlı tövsiyələrin əsas mənbəyi olaraq otel əməkdaşları qalır. Restoran seçimi ilə bağlı məsləhət axtaran səyahətçilərin 26 faizi, maraqlı, lakin az tanınan yerli görməli yerlər və əyləncələr tapmaq istəyənlərin isə 25 faizi otel əməkdaşlarına müraciət edir.
Aydın
Şərhlər