Dünya 14:20 14.03.2023

WP: Ukrayna hakimiyyəti və USQ əks-hücumun uğuruna şübhə edir

Qərb Kiyevə "simvolik” sayda müasir tanklar vəd edib, Ukrayna Silahlı Qüvvələri isə silah və qırıcı çatışmazlığı ilə üzləşib, bu isə Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatının uğuruna əmin olmağı mümkünsüz edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yüksək vəzifəli ukraynalı məmura istinadla yazır.

Qəzetin həmsöhbətinin fikrincə, resursların olmaması ona gətirib çıxarır ki, aktiv hücum imkanları yoxdur. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri hücuma gedərkən "iki və ya üç dəfə çox insanı” itirmək riski ilə üzləşir”, - deyə rəsmi bildirib və əlavə edib ki, Ukrayna ordusu "bunun öhdəsindən gələ bilməz”.

Təmas xəttindəki Ukrayna hərbçiləri də nəşrə müsahibəsində insan və sursat çatışmazlığından danışıblar. Xüsusilə, 46-cı Hava Hücum Briqadasının batalyon komandiri Kupol çağırış nişanı ilə döyüş təcrübəsinin hərbçilər arasında əhəmiyyətini qeyd edib və təcrübəsiz çağırışçılarda bunun çatışmadığını vurğulayıb. Eyni zamanda, onun sözlərinə görə, döyüş təcrübəsi olan əsgərlər çox azdır, "çünki bütün təcrübəli hərbçilər” artıq ölüb və ya yaralanıb.

Nəşr əlavə edir ki, vəziyyətlə bağlı bu cür "tutqun qiymətləndirmələr” döyüş meydanlarından Ukrayna paytaxtındakı dövlət idarələrinə qədər yayılıb, pessimist əhval-ruhiyyə "hiss olunur, lakin ictimaiyyətə açıqlanmır”. Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi hücum planları ilə bağlı nikbin olduğunu bildirib. Prezident Aparatının rəhbəri Andriy Yermak Ukrayna Silahlı Qüvvələrinin potensialını tükənmədiyini deyib və qeyd edib ki, istənilən silahlı münaqişədə yeni kadrların yetişdirilməli olduğu bir mərhələ gəlir və "bu, indi baş verir”.

Alpər