"Vest Hospital" cərimə cəzası ilə bağlı apellyasiya şikayəti verib.
Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tərəfindən tərtib edilən cərimə protokolu ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrliyi ilə baxılıb.
"Vest Hospital" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Vest Hospital"da yoxlama aparıb və pozuntular aşkarlanıb. Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.
"Vest Hospital" MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə "Vest Hospital" MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur” şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim edilərək istehlakçıların aldadıldığını aşkarlayıb. "Ramin-Nur” şadlıq sarayının "Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus olduğu müəyyənləşib. Həmin şadlıq sarayına da X. Göyüşovun oğlu, "Vest Hospital" MMC-nin direktoru Ramin Göyüşovun şərəfinə "Ramin-Nur” adı verilib.
Aydın
Şərhlər