Xəbər lenti

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək
Ekonomiks 13:58 30.06.2026

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək

İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən "Körpü-Bina-Tikinti” şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata keçirəcək. 

Qaynarinfo xəbər verir ki, layihə işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərini əhatə edəcək. 

Sifarişçi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətidir. 
Qurumla şirkət arasında bununla əlaqədar satınalma müqaviləsi imzalanıb. 

Müqavilənin maliyyə dəyəri 1 171 605,17 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib ki, bu fakt şəffaflığa dair müəyyən suallar yaradır. 

Qanunvericiliyə əsasən dövlət satınalmalarında birmənbə metodunun tətbiqi aşağıdakı hallarda keçərlidir:

* 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
* 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
* 49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
* 49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
* 49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
* 49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində həyata keçiriləcək söküntü işləri üçün bu hallardan hansı birinin uyğun olduğu aydın deyil. "Körpü-Bina-Tikinti” MMC inşaat sektorunda fəaliyyət göstərir və bu sferada alternativsiz deyil. 

Bölgədə hər hansı fövdəqladə hal baş verməyib, mövcud layihənin hər hansı bir satınalmanın davamı olduğuna dair fakta rast gəlinmir və nəhayət satınalma predmeti əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid deyil. 

"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. 2016-cı ildə isə nizamnamə kapitalı 300 000 manata çatdırlıb. "Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır. Şirkətin Xəlil Göyüşova məxsus olduğu iddiaların kökündə də bu fakt dayanır. 

"Körpü-Bina-Tikinti” MMC bir neçə il əvvəl Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən və su basdığı üçün 2 nəfərin öldüyü tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib.

Seyid
--> -->