26 fevral — Azərbaycan xalqının qəlbində əbədi yaşayan, əsrlərlə unudulmayacaq faciə günüdür. 1992 ci ilin soyuq fevral gecəsində Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı, bəşəriyyət tarixinin ən qəddar səhifələrindən biridir. 613 dinc sakin — qadınlar, uşaqlar, yaşlılar qətlə yetirildi, yüzlərlə insan yaralandı, əsir götürüldü, yüzlərlə ailənin taleyi qaranlıqda qaldı. Bu qanlı faciə yalnız bir xalqın yox, bütün insanlığın vicdanına meydan oxuyan cinayətdir.
Amma tarix yalnız qan və qüssə ilə yazılmır. Tarix həm də xalqın qətiyyəti, dözümü və ədalətə olan inamı ilə davam edir. Xocalı soyqırımının qisası yalnız döyüş meydanında alınmadı — bu ədalət tələbi həm də quruculuqla, yurdlarımıza qayıdışla, əzizlərinin xatirəsini yaşatmaqdadır.
Bu gün Xocalı yenidən doğulur.
İşğaldan azad edilmiş Xocalı şəhərində və onun kəndlərində aparılan dirçəliş işləri, mərhələli şəkildə həyata keçirilən "Böyük Qayıdış” proqramı Azərbaycanın dövlət siyasətinin reallığa çevrilmiş ən parlaq nümunələrindəndir. 2024-cü ilin mayın 28-dən başlayaraq Xocalıya mərhələli köç prosesi intensivləşib və bu proses bu gün də davam edir.
Xocalının özünəməxsus tarixi və ağrılı taleyi var. 30 illik məcburi köçkünlükdən sonra insanların doğma yurda dönüşü yalnız maddi bərpa deyil — bu, milli ruhun yenidən canlanması, itmiş illərin geri qaytarılması deməkdir. Bu gün Xocalı şəhərində çoxmənzilli binaların təmir və bərpası nəticəsində yüzlərlə ailə üçün yeni yaşayış məkanları yaradılıb, infrastrukturlar bərpa olunub və həyat yenidən hər damlada davam edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu quruculuq prosesləri insanların doğma torpaqlarına geri dönməsinə şərait yaradır. Prezident tərəfindən Xocalı şəhərində Dövlət Bayrağının ucaldılması, soyqırım memorialının təməlqoyma mərasimləri tarixi ədalətin simvoluna çevrilib.
Bu gün Xocalı yalnız faciənin adıdır — o, həm də dirçəlişin, qayıdışın, ümidin ünvanıdır. Məsələn, Xanyurdu kəndində artıq 40 dan çox fərdi ev tam bərpa olunub və ilin sonunadək daha 65 ev təmir ediləcək. Eyni zamanda, 2026-cı il üçün 93 əlavə evin bərpası planlaşdırılır. Bu kəndə iyul ayında 33 ailə, ümumilikdə 122 nəfər qayıdıb və bu insanların sözlərinə görə, artıq doğma yurdda sərbəst və rahat yaşayış üçün bütün şərait yaradılıb — təmiz su, qaz xəttləri, kənddaxili yollar asfaltlanıb.
Bir başqa Xocalı kəndi — Ballıca da ənənəvi qayıdışın simvoluna çevrilib. Burada artıq ailələr öz ata baba yurdlarına qaytarılıb. Prezident İlham Əliyev Ballıca kəndində aparılan bərpa işlərini nəzərdən keçirərkən dedi ki, bu qayıdış təkcə maddi bərpa deyil, eyni zamanda milli yaddaşın yenidən canlanmasıdır. Burada artıq çoxsaylı ailələr yaşayır, kənd həyatının ritmi hiss olunur və bu ritm gələcəyə doğru inamı artırır.
Azərbaycan hökumətinin planına görə, yalnız 2025-ci ildə Xocalı və Ağdərə rayonlarının 16 yaşayış məntəqəsində bərpa işləri aparılaraq təxminən 6 minə yaxın keçmiş məcburi köçkün könüllü şəkildə öz doğma kəndlərinə köçürüləcək.
Bu proses təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də sosial infrastrukturun — məktəblər, tibb mərkəzləri, uşaq bağçaları və digər sosial obyektlərin yenidən qurulması ilə müşayiət olunur. Xocalı şəhərində orta məktəb və uşaq bağçasının yenidən təmir edilərək istifadəyə verilməsi, "Xocalı” subestansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılması bu dirçəlişin mühüm mərhələlərindəndir.
Yenidənqurma yalnız evlərin tikintisi deyil — bu, insanların həyatının əvvəlki rahatlığını qaytarmaq, burada davamlı həyat şəraiti yaratmaq, sosial əmək bazarını canlandırmaq, mədəni həyat və təhsil imkanları ilə təmin etmək deməkdir. Bugünkü Xocalıda yalnız evlər deyil, gələcək inşa olunur.
Prezident İlham Əliyevin bu istiqamətdəki ardıcıl səyləri ilə həyata keçirilən tədbirlər sakinlərin yalnız fiziki yox, mənəvi köklərini də gücləndirir. O, doğma yurda qayıdışın respublikamızın strateji dövlət siyasətinin tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb və bunun üçün bütün resursların səfərbər edildiyini bəyan edib.
Bugünkü Xocalı faciənin nə qədər dərin izlər buraxsa da, eyni zamanda insanların dirçəliş azadlığı uğrunda mübarizə ruhunun nə qədər möhkəm olduğunu göstərir. Xocalı indi artıq qan yaddaşı ilə yanaşı, ümid və gələcək vizyonunun məkanıdır. Xocalıya qayıdış yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli ruhun yaşayışa çevrilməsidir.
Bu torpaqlarda həyat yenidən boy atır. Atılan hər addım, tikilən hər ev, açılan hər məktəb — bu xalqın öz köklərinə, öz ümidi və hörmətinə dönmək arzusunun əyani ifadəsidir.
Şərhlər