Siyasət 20:10 07.09.2023

Xüsusi nümayəndə Laçın yolunda vəziyyətin həlli yolunu açıqladı

"Mən separatçılar deyərkən bu anlayışı Azərbaycanın Qarabağ regionunda yaşayan bütün erməni sakinlərə şamil etmirəm. Mən radikal ekstremistlər barədə danışıram, onlar öz karyeralarını aqressiv separatizm üzərində qurub”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Deutsche Welle”-yə müsahibəsində deyib.

Elçin Əmirbəyov bildirib ki, bu separatçı qurum Ermənistan tərəfindən yaradılıb və 30 il müddətində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini - Qarabağ və ona bitişik yeddi rayonu işğal altında saxlayıb.

"Təbii ki, biz anlayırıq ki, əraziyə ərzağın çatdırılması ilə bağlı vəziyyət mükəmməl deyil, lakin eyni zamanda Laçın yolunun blokada olmasını demək də doğru deyil. Əgər gün ərzində hər iki istiqamətdə BQXK-nin avtomobilləri və digər avtomobillərin hərəkəti varsa, siz bunu blokada adlandıra bilməzsiniz. Bu avtomobillər tibbi yardıma ehtiyacı olan sakinləri daşıyır. Həmçinin, Ermənistana getmək istəyən erməni sakinlər Laçın yolundakı yoxlama məntəqəsindən keçə bilir. Bu insanları aparan maşınlar geri qayıdanda uşaq qidaları və digər ehtiyacları insanlara çatdırır. Buna öz əhalisinin qayğısını çəkən Azərbaycan hökuməti razılıq verib. Lakin çox təəssüf ki bu insanlar - əhali bir qrup radikal separatçının əlində əsir olub. O separatçılar ki, vahid Azərbaycan ərazisində erməni əsilli sakinlərlə azərbaycanlı sakinlərin sülh içində birgə yaşayışını qəbul edə bilmir.

Biz Qarabağda yaşayan erməni əsilli sakinlərlə kommunikasiya qurmağa çalışırıq ki, onların Azərbaycanın siyasi iqtisadi və sosial həyatına reinteqrasiyasını təmin edək. Azərbaycan tərəfi Laçın yolu vasitəsilə hərəkətin artırılmasına hazırdır, orada heç bir blokada yoxdur, məhdud giriş var”, - deyə o vurğulayıb.

Elçin Əmirbəyovun sözlərinə görə, Qarabağdakı erməni separatçılar hər hansı şərt irəli sürməkdən və humanitar yardımın çatdırılması üçün təklif olun digər yollardan istifadədən imtina etməkdən vaz keçərsə, bu məsələ həll oluna bilər: "Onlar oradakı qardaş və bacıların dolanışığına görə cavabdehdir. Biz bilirik ki, əraziyə humanitar yardımın çatdırılması üçün təklif olunan ikinci yolun - Ağdam-Xankəndi yolunun bağlanması məsələsini oradakı əhalinin böyük hissəsi dəstəkləmir bu ideyanı bölüşmür. Bu insanlar qorxudulur, onların özlərini ifadə etmək hüququ yoxdur. Lakin yenə də biz həll yolu tapmağa çalışırıq.

Azərbaycan tərəfi həll yolu tapmaq üçün bütün maraqlı tərəflərlə işləməklə bağlı hazır olduğunu ifadə edib, bura ABŞ, Rusiya və Aİ də aiddir. Çünki biz hesab edirik ki, bu proses uzandıqca biz həqiqi sülh prosesinin bərpası prosesindən uzaqlaşırıq. Təəssüf ki sülh prosesi Ermənistan tərəfindən hazırlanan bu kampaniya tərəfindən girov götürülüb”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Ermənistan Azərbaycana qarşı kampaniyasında öz diasporundan, kütləvi media vasitələrindəki imkanlarından istifadə edir: "Ermənistan Qarabağdakı erməniləri sülh və sabitlik içində yaşamaq üçün yeganə yolun Azərbaycanla, Bakı ilə təmas qurmaq imkanlarını müzakirə etmək olduğuna inandırmaq əvəzinə, alova sanki neft tökmüş olur. Mən "soyqırımı" sözündən istifadə edənləri diqqətli olmağa çağırardım. Təəssüflər olsun ki, son həftələr bu sözü dəfələrlə eşitmişik. Biz bun anlayışın dəyərini itirməsini görürük. Əgər hamı soyqırımının nə olması, onun izahı ilə bağlı məlumatlı olsa və oxusa idi, əminəm ki, heç kim məhz bu sözü bu konkret kontekstdə işlətməzdi”.

Elçin Əmirbəyov müstəqil hüquq ekspertləri və hüquqşünasların da faktlar təqdim olunmadan soyqırımı ilə bağlı fikir səsləndirməsinin doğru olmadığını xatırladıb: "Siz bu məsələyə beynəlxalq hüquq kontekstində yanaşmalısınız. "Soyqırımı törədilir" deyən individual fərdin bununla bağlı faktı yoxdur".