"Çin Yaxın Şərqdə yaşanan qarmaqarışıqlıqdan istifadə edərək, Tayvanla haqq-hesabı çürütməyə çalışacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli Çinin İsraillə İran arasında yaşanan qarışıq gündəmdən istifadə edib, Tayvana hücum etməsi ehtimalını şərh edərkən deyib:
"İsraillə İran arasında başlanan münaqişə daha bir bölgədə hərbi əməliyyatların baş verməsinə rəvac verə bilər. Növbəti belə bir təhlükənin baş verə biləcəyi bölgə qismində isə Uzaq Şərq regionu göstərilir. Daha dəqiqi, Çinlə Tayvan arasında olan gərginlik. Çin Yaxın Şərqdə yaşanan bu qarmaqarışıqlıqdan birmənalı şəkildə istifadə edəcək. Çünki mövcud vəziyyətdə ABŞ-ın diqqəti Yaxın Şərqə yönəlib. Belə olan halda, onun Tayvana diqqəti istər-istəməz müəyyən dərəcədə azalacaq. Bu isə Pekinə hərəkətə keçmək üçün fürsət verəcək”.
Ekspert qeyd edir ki, Çin bu fürsətdən maksimum yararlanmağa çalışacaq:
"Yəqin ki, Pekində bu məsələni götür-qoy ediblər. Çin bunu etməsə, öz maraqları baxımından ciddi səhvə yol verəcək. Ona görə də yaxın günlərdə daha bir müharibə ocağının alovlanmasının şahidi ola bilərik”.
Qeyd edək ki, İran-İsrail münaqişəsi kəskinləşdikcə, bütün dünyanın, xüsusən də super güclərin əsas diqqəti istər-istəməz məhz bu prosesə yönəlir. Belə vəziyyətdə isə digər bölgələrdə də münaqişə ocaqları alovlana bilər. Hazırda dünyada bir sıra digər münaqişə ocaqları var ki, onun istənilən məqamda müharibəyə çevrilməsi ehtimalı da böyükdür. Belə münaqişə ocaqlarından biri də Çinlə Tayvandır. Pekin Tayvanı yenidən özünə qatmaq üçün əlverişli fürsət gösləyir.
Rüfət Sultan
Şərhlər