Xəbər lenti

Yayda bazarlarda qiymətlər - Hansı məhsullar bahalaşacaq?
Ekonomiks 16:06 12.06.2026

Yayda bazarlarda qiymətlər - Hansı məhsullar bahalaşacaq?

Azərbaycanda cari ilin may ayında inflyasiya 0,1%, illik inflyasiya isə 5,6% təşkil edib. Hesabat dövründə istehlak bazarında qiymət dəyişiklikləri əsasən qida məhsulları qrupunda müşahidə olunub.

Məlumata görə, may ayında ən çox bahalaşma meyvə məhsullarında qeydə alınıb. Bununla yanaşı, ət və ət məhsulları, süd və süd məhsulları, yağlar, şirniyyat və bəzi içki növlərində də cüzi qiymət artımları müşahidə olunub. Eyni dövrdə tərəvəzlərdə daha nəzərəçarpacaq ucuzlaşma qeydə alınıb, eləcə də yumurta və balıq məhsullarında qiymət azalması baş verib.

Bu cür aylıq dəyişikliklər ümumi inflyasiya göstəricisinə necə təsir edir? Yay aylarında qiymətlər necə dəyişəcək?

Qaynarinfo-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, may ayında aylıq inflyasiyanın cəmi 0,1% olması göstərir ki, ayrı-ayrı məhsul qruplarında nəzərəçarpan qiymət dəyişiklikləri baş versə də, onların bir-birini qismən kompensasiya edən təsiri ümumi qiymət səviyyəsinin kəskin artmasının qarşısını alıb:

"Məsələn, meyvə, ət, süd məhsulları və içkilərdə bahalaşma inflyasiyanı artıran amil olub, tərəvəz, yumurta və balıq məhsullarında ucuzlaşma isə bu təsiri zəiflədib. Nəticədə ümumi inflyasiya çox aşağı səviyyədə formalaşıb".



 
Akif Nəsirlinin sözlərinə görə, qida məhsullarında belə qiymət dəyişmələri Azərbaycan bazarı üçün kifayət qədər xarakterikdir:

"Ölkədə kənd təsərrüfatı məhsullarının qiymətləri əsasən mövsümi amillərdən, məhsuldarlıqdan, hava şəraitindən, logistika xərclərindən və idxal qiymətlərindən asılı olur. Xüsusilə meyvə və tərəvəzlərdə yaz-yay aylarında təklifin artması qiymətlərin dəyişkənliyinə səbəb olur. Buna görə də bir məhsul qrupunda bahalaşma, digərində isə ucuzlaşma halları tez-tez müşahidə edilir".

"Yay aylarında qiymətlərin necə dəyişəcək" suallarına cavab olaraq həmsöhbətimiz bildirib ki, bu dövrdə tərəvəzlərin qiymətlərinin daha da sabitləşməsi və ya müəyyən qədər ucuzlaşması ehtimalı yüksəkdir:

"Çünki yerli istehsalın bazara çıxışı artır və təklif genişlənir. Meyvələrdə isə mövsümün gedişindən asılı olaraq əvvəlcə qiymətlərin nisbətən yüksək qalması, daha sonra məhsul bolluğu yarandıqca ucuzlaşması gözlənilir. Ət, süd məhsulları və emal olunmuş ərzaqlarda isə istehsal və logistika xərclərinin təsiri səbəbindən qiymətlərin əsasən sabit qalacağı və ya cüzi artacağı proqnozlaşdırılır. Ümumilikdə, yay aylarında ərzaq bazarında kəskin inflyasiya təzyiqləri gözlənilmir, lakin ayrı-ayrı məhsullar üzrə mövsümi dəyişikliklər davam edə bilər".

Günay İlqarqızı

--> -->