Dünya 12:47 11.07.2022

Yeni dünya düzəni: Conson NATO-ya rəhbər gətirilə bilər (ŞƏRH)

Böyük Britaniyanın istefaya gedən baş naziri Boris Conson hakimiyyəti dövründə həm müsbət, həm də mənfi addımları ilə yadda qaldı. O, digər Avropa ölkələrindən fərqli olaraq əməldə Ukraynaya ciddi dəstk verirdi. Məhz bunun nəticəsidir ki, Rusiya rəsmiləri dəfələrlə Consonu tənqid atəşinə tutublar. Onun gedişi Rusiyada sanki atəşfəşanlıqla qarşılandı. 

Consonun istefası səbəblərinə gəldikdə, burada əsasən iki məqam qeyd edilir. Bir qrup analitik onun pandemiya dövründə müəyyən edilmiş qaydaları pozmaqla müşayiət olunan hərəkətlərinin qurbanı olduğunu idda edir. Bəzi analitiklər isə Consonun istefasında Moskva tərəfindən ələ alınan ingilis siyasətçilərinin əlinin olduğu qənaətindədir. 

Amma istefaya getsə də, çox güman ki, siyasi fəaliyyətini davam etdirəcək. Hətta bəzi məlumatlara görə, Conson NATO-nun rəhbərliyinə gətirilə bilər. 



Avropanın başqa bir ölkəsi olan Almaniya hökumətində də vəziyyət gərgindir. Kansler Olaf Şoltsun qurduğu hökumət koalisiyadır. Bu mənada istənilən an dağıla və nəticədə Şolts da istefaya getməyə məcbur ola bilər. 

Consonun gedişi, dünyaya hansı təsiri göstərə bilər? Almaniya kanslerini də anoloji vəziyyət yaxalasa, bundan Rusiya nə qazanacaq? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Boris Consonun gedişinin dünyaya hər hansı bir təsiri olmayacaq. Çünki yeni gələn hökumət də əsasən onun yürütdüyü siyasəti davam etdirəcək: 

"Consonun hakimiyyətdən uzaqlaşdırılması Britaniyada hakim partiyanın iqtidardan getməsi demək deyil. Mühafizəkarlar hakimiyyətdədirlər. Yeni gələcək hökumətin siyasətində də Consonun iqtidarı dövründə həyata keçirilən xarici siyasət davam edəcək. Britaniyanın Avropa Birliyindən çıxması, onun ABŞ, Çin və Rusiya ilə münasibətlərində hər hansı bir kordinal dəyişikliklər baş verməyəcək. Consonu kimin əvəzləməsindən asılı olmayaraq, əvvəlki münasibət davam edəcək. Dəyişiklik baş verməyəcəksə, təbii ki, qlobal müstəvidə yaşanan hadisələrə münasibətdə də Londonun mövqeyində kordinal dəyişikliklər olmayacaq. Ukrayna qarşıdurmasının əsas səbəbi yeni dünya nizamı uğrunda mübarizədir ki, Consonun dövründə burada Britaniyanın özünəməxsus yeri vardı”. 



Həmsöhbətimiz düşünür ki, yeni hakimiyyət zamanı Londonun Kiyevə məlum dəstəyi Consonun iqtidarı dönəmində olduğu kimi qalmayacaq, azalacaq: 

"Çünki Britaniya və Avropada sadə vətəndaşlar bu qarşıdurmadan heç nə qazanmayacaqlarını gözəl başa düşürlər. Enerji, ərzaq böhranı, inflyasiya Britaniyada da seçki elektoratını düşündürür. Ona görə düşünürəm ki, yeni baş nazir hər halda ölkənin daxili problemlərilə bağlı məsələlərin həllinə daha çox diqqtə yetirəcək. Bu mənada Londonun Ukraynaya dəstəyi əvvəlki kontekstdə qalmayacaq, azalacaq. Amma Londonun bütövlükdə yürütdüyü siyasətində kordinal dəyişikliklər olmayacaq. Moskva ilə münasibətlərdə də ciddi dəyişikliklər olmayacaq”. 

Ekspert qeyd edir ki, Rusiya Britaniyadan sonra Avropa Birliyi ölkələrində hakimiyyət böhranının baş verməsinə çalışacaq: "Avropa ölkələrində Rusiyaya fərqli mövqedə olan qüvvələr də var. Almaniya kansleri Şoltsun istefaya göndəriləcəyilə bağlı fikirləri hələlik kənara qoymalıyıq. Çünki o hakimiyyətə təzə gəlib. XDİ əvvəlki nüfuzunu bərpa etməyib. Qarşıdan qış gəlir. Alman seçicisini də əsasən bu düşündürür. Avropada gözəl bilirlər ki, rus qazı olmadan özlərinin enerjiyə olan tələbatını ödəyə bilməyəcəklər”. 

Rüfət Sultan