ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer Ağ Evin Ukrayna müharibəsini başa çatdırmaq üçün son təşəbbüslərinə şübhə ilə yanaşır. Onun sözlərinə görə, Rusiya bu prosesi öz maraqları üçün istifadə edir və prezident Donald Trampın yanaşması "uğursuzluğa məhkumdur”.
Qaynarinfo xəbər verir ki, bu barədə Payfer "Kyiv Post”a müsahibəsində
bildirib.
Payfer qeyd edib ki, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə səfəri, Trampın Vladimir Putinlə əvvəlcədən apardığı telefon danışığı səbəbindən pozulub:
"Aydın görünür ki, prezident Tramp cümə axşamı Putinin tələsinə bir daha düşdü. Məncə, cümə günü əldə edilən nəticə iki gün əvvəlkindən tam fərqli idi”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, ən çox narahatlıq doğuran məsələ Trampın Ukraynanı ərazi güzəştlərinə məcbur etmək cəhdidir:
"Zelenski və ukraynalılar, yəqin ki, çox məyusdurlar. Çünki Ağ Ev hələ də anlamır ki, onlar niyə bütün Donbasdan imtina edə bilməzlər”, – deyə Payfer bildirib.
Sabiq səfir əlavə edib ki, bu, Vaşinqtonun mövcud vəziyyəti dərindən anlamadığını göstərir.
"Məni həmçinin məyus edən odur ki, görünür, cənab [Stiv] Uitkof yenidən belə bir fikir söyləyib: "Donetsk vilayətində hamı rusca danışır, deməli, onlar rus olmaq istəyirlər”. Məncə, bu, tamamilə həqiqətə uyğun deyil”, – deyə diplomat qeyd edib.
Payfer vurğulayıb ki, Donbasda mövqeləri saxlamaq Ukrayna üçün strateji zərurətdir:
"Bu ərazidən imtina, artıq üç il yarımdır rus ordusunu dayandıran müdafiə xəttinin itirilməsi demək olardı. Mən sadəcə başa düşə bilmirəm, ABŞ tərəfi niyə dərk etmir ki, hazırda Ukrayna bunu edə bilməz”, – deyə o bildirib.
Sabiq səfir Ağ Evdən Rusiyaya qarşı real təzyiq görmədiyini də deyib:
"Tramp bu məsələyə ciddi yanaşsaydı, Moskvanın hesablamalarını dəyişdirmək üçün təzyiq yolları axtarardı. O, Putinə başa salardı ki, döyüş meydanında qələbə cəhdləri uğursuzluqla nəticələnəcək və Rusiya üçün daha çox siyasi, iqtisadi və hərbi itkilər doğuracaq”, – deyə Payfer qeyd edib.
Diplomat həmçinin bildirib ki, Tramp və Putinin gələcək sammiti üçün Budapeştin seçilməsi Moskva üçün qələbədir:
"Ruslar Budapeştə getməkdən çox məmnundurlar. Bu, Avropada görüş keçirə biləcəkləri azsaylı yerlərdən biridir”, – deyə o əlavə edib.
Payferin fikrincə, bu görüş Alyska sammitinin təkrarı ola bilər:
"O zaman da görünürdü ki, Putin Trampı guya "anlaşmaya” razı salmışdı, lakin o, Ukrayna üçün bir sıra tələlər ehtiva edirdi. İndi də eyni nəticəni gözləməyə əsas var”.
Sabiq səfir soruşub:
"Ən azı ictimai səviyyədə, Rusiyanın mövqeyi dəyişməyibsə, nəyə görə kiminsə düşünür ki, Budapeşt Alyaskadan fərqli nəticə verəcək?”
Bundan əvvəl tarixçi və beynəlxalq münasibətlər üzrə analitik Maks But da yazmışdı ki, Tramp hər dəfə Putinin yalanlarına inanır və Budapeşt görüşü də heç nəyi dəyişməyəcək.
Onun sözlərinə görə, əvvəlcə Tramp Ukraynaya "Tomahawk” qanadlı raketlərinin göndərilməsini nəzərdən keçirirdi, lakin Putin bu xəbəri eşidəndən sonra ona zəng edərək görüş təklif edib. Bu, ABŞ prezidentinin yenidən Kreml rəhbərinin təsiri altına düşdüyünü göstərir.
"Heç bir əlamət yoxdur ki, Putin yeni güzəştlərə hazırdır. Əksinə, o, ötən həftəki telefon danışığında Kiyevdən hələ ələ keçirmədiyi əraziləri təhvil verməyi tələb edib. Amma Tramp sadəcə olaraq rusiyalı həmkarına "yox” deyə bilmir”, – deyə But vurğulayıb.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da Putinin Budapeştə mümkün səfərinə münasibət bildirib:
"ABŞ prezidentinin sülh təşəbbüsləri təqdirəlayiqdir, amma eyni zamanda vacibdir ki, Ukrayna prezidenti də rus lideri ilə görüşsün”, – deyə o qeyd edib.
Bununla yanaşı, Kallas əlavə edib:
"Lakin xoş olmayan odur ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilmiş bir şəxs Avropa ölkəsinə səfər edir”.
Alpər
Şərhlər