"Qərbə ümid bəsləmək yaxşıdır, amma bəzən bu ümidlər özünü doğrultmur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni uduzmayacaqları barədə fikirləri fonunda savaşın daha da güclənəcəyilə bağlı düşüncələrini bölüşərkən deyib.
Zərdüşt Əlizadə qeyd edib ki, Ukrayna ordusu, xalqı və onun ali baş komandanı qələbə üçün əlindən gələni edəcək:
"Amma müharibədə əsas əhəmiyyətli məqam maddi ehtiyatlardır. Silah-sursat olmadan müharibə aparmaq olmaz. Ukrayna ordusunun əldə etdiyi silahların böyük hissəsi Qərbdən, xüsusən də ABŞ-dan gəlirdi. İndi ABŞ bu silahların verilməsini dondurub. ABŞ daxilində iki partiya arasında hakimiyyət uğrunda savaş gedir. Bu savaşda Ukrayna da bir bəhanədir.
Deməli, Kiyev seçim qarşısındadır. Onlar ya daxili siyasi səhnəni kəskin, qəddar üsullarla təmizləməli, korrupsiyanı cilovlamalı, büdcəni sovuran insanları kənarlaşdırmalı, Ukrayna iqtisadiyyatını sərt şəkildə hərbi rels üzərində qurmalı və ordunun təminatını öz üzərlərinə götürməlidirlər. Ya da Rusiyanın hərbi üstünlüyü tədricən özünü büruzə verməkdə davam edəcək".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında ölkəsinin bu müharibədə uduzmayacağı, çünki başqa alternativlərinin olmadığını deyib:
"Biz Rusiya prezidentinin müharibəni uduzması və bunun səhv olması ilə razılaşa biləcəyi platforma təklif edəcəyik. Ukrayna bu müharibədə uduzmayacaq, bizim başqa alternativimiz yoxdur. İtirsək, biz olmayacağıq, varlığımız olmayacaq. Məğlub olub-olmamağımız tərəfdaşlarımızın dəstəyindən asılıdır".
Rüfət Sultan
Şərhlər