Dünyanın ən vaxtsız doğulan körpəsi - ABŞ-ın Ayova ştatında yaşayan Neş Kin həkimlərin "yaşamaq şansı sıfırdır” dediyi halda sağ qalaraq ilk doğum gününü qeyd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Neş Kin 2024-cü il iyulun 5-də, cəmi 21 həftəlik hamiləlik dövründə – normadan 133 gün əvvəl doğulub. Doğulduqda onun çəkisi cəmi 285 qram, boyu isə 24 santimetr idi. O, Ginnesin Rekordlar Kitabına düşərək tarixdə sağ qalan ən vaxtsız doğulmuş körpə statusunu qazanıb. Əvvəlki rekord isə Alabama ştatında 132 gün erkən doğulan körpəyə məxsus idi.
Neşin anası Molli Kin 2022-ci ildə uşaq itkisi yaşamış və sonradan onda uşaqlıq boynu yetməzliyi və polikistik yumurtalıq sindromu aşkarlanmışdı. Bu səbəbdən hamiləlik riskli idi. 20-ci həftədə uşaqlıq boynu açılmağa başlamış, bir neçə gün sonra doğuş sancıları başlamışdı.
Neş hamiləliyin 21-ci həftəsində doğulub. Doğulduqdan dərhal sonra Ayova Universiteti nəzdindəki Stead Family uşaq xəstəxanasının həkimləri onun nəfəsini sabitləşdirərək həyatını xilas etməyə nail olublar.
"Biz valideynlərə dedik ki, şans sıfırdır. Amma əlimizdən gələni edəcəyik", deyə xəstəxananın neonatologiya şöbəsinin rəhbəri, doktor Patrik Maknamara xatırlayır.
Neş 198 gün ərzində xəstəxanada həkim nəzarətində olub. Bu müddətdə bağırsaq əməliyyatı keçirib, ürəyinə müalicə alıb və müxtəlif dərmanlarla terapiya olunub. 2025-ci ilin yanvarında körpə nəhayət ki, evə buraxılıb.
Hazırda Neş qulaq aparatından istifadə edir, qidalanmaq üçün zondla bəslənir və ürəyində yüngül problemlər qalmaqdadır. Lakin o, hər gün terapiya alır və inkişafı davam edir. Neonatoloq Eymi Stenfordun sözlərinə görə:
"Hədəfimiz budur ki, o 5 yaşına çatanda heç kim onun vaxtından çox əvvəl doğulduğunu fərq etməsin".
Anası Molli Kin deyir:
"İstəyirəm ki, o, öz hekayəsini bir güc mənbəyi kimi qəbul etsin. Və həmişə xatırlasın ki, onu dəstəkləyən insanlar ilk gündən çox idi".
Aydın
Şərhlər