Ukraynada davam edən müharibə bir daha sübut etdi ki, hərbi texnologiyada daimi yenilik həyati əhəmiyyət daşıyır. Xüsusilə Qara dənizdə Ukraynanın dəniz dronları ilə Rusiyanın köhnəlmiş donanmasını darmadağın etməsi bu reallığın parlaq nümunəsidir.
Lakin təəccüblüdür ki, batırılmış "Moskva" kreyseri və zədələnmiş "Admiral Makarov" gəmisindən qat-qat yaşlı döyüş gəmiləri bu gün də dünyanın bir sıra ölkələrinin hərbi dəniz qüvvələrinin balansındadır.
Qaynarinfo "Unian"a istinadən hələ də xidmətini davam etdirən 5 hərbi gəmini təqdim edir:
1. "HMS Victory" - Britaniyanın dəniz simvolu (1765)
Ən qədim hərbi gəmi statusunu hazırda Böyük Britaniyanın üç dirəkli yelkənli döyüş gəmisi "HMS Victory" daşıyır. 1765-ci ildə istifadəyə verilmiş bu gəmi, ABŞ-ın müstəqillik müharibəsində və Napoleon müharibələrində iştirak edib. Onun ən yadda qalan döyüşü 1805-ci ildəki Trafalqar döyüşüdür. Uzunluğu 69 metr olan gəminin 104 topu və təxminən 850 nəfərlik heyəti var idi.
Hazırda "HMS Victory" Portsmutdakı quru dokda yerləşir və muzey statusuna malikdir. O, artıq yüz ildən çoxdur ki, dənizə çıxmır, lakin hələ də rəsmi olaraq Britaniya Hərbi Dəniz Qüvvələrinin strukturunda saxlanılır.
2. "USS Constitution" – ABŞ-ın "Konstitusiyası" (1797)
Amerikanın "USS Constitution" freqatı 1797-ci ildə istifadəyə verilib və 227 ildir xidmət siyahısındadır. Uzunluğu 62 metr olan gəmi 44 topa malik idi və 450 nəfərlik heyətlə fəaliyyət göstərirdi. O, Fransız piratlarına və Berberi dəniz quldurlarına qarşı döyüşlərdə, həmçinin 1812–1815-ci illərdə İngiltərəyə qarşı aparılan müharibədə iştirak edib.
1907-ci ildən bəri Bostonda yerləşən bu gəmi muzey eksponatı statusu daşısa da, digər qədim gəmilərdən fərqli olaraq hələ də zaman-zaman nümayiş uçuşlarına çıxır və formal olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində saxlanılır.
3. "Komunna" – Rusiya imperiyasından bəri xidmət edir (1913)
Hal-hazırda döyüş tapşırıqları yerinə yetirən ən qədim gəmi 1913-cü ildə inşa olunmuş Rusiyanın "Komunna" xilasetmə gəmisidir. Əvvəlcə "Волхов" adlandırılan gəmi 1922-ci ildən bu günə qədər "Komunna" adı ilə tanınır.
Katamaran tipli gəmi 96 metr uzunluğa malikdir, silahlanması yoxdur, əsas funksiyası isə sualtı qayıqların xilas edilməsi və batmış obyektlərin qaldırılmasıdır. O, həm Birinci, həm də İkinci dünya müharibəsində, həmçinin 2022-ci ildə batırılan "Moskva" kreyseri ilə bağlı əməliyyatlarda istifadə olunub.
2024-cü ilin aprelində Ukraynanın raket zərbəsi ilə zədələnib, lakin batmayıb. Hazırda Sevastopolda yerləşir və Rusiya donanmasının balansında qalır. Gəmi üç dövlətdə – Çar Rusiyası, SSRİ və Rusiya Federasiyasında – xidmət göstərib.
4. "Parnaiba" – döyüşməyən döyüş gəmisi (1937)
Braziliyanın 1937-ci ildə istifadəyə verdiyi "Parnaiba" adlı çay monitoru – hələ də istismarda olan ən qədim silahlı gəmidır. Uzunluğu 55 metr olan bu gəmi 7 top ilə təchiz edilib və əsasən Amazon hövzəsində patrul, kontrabanda və narkotrafik əleyhinə əməliyyatlarda istifadə olunur. Heç vaxt birbaşa döyüşdə iştirak etməyib.
Bugünə qədər bu gəmi Braziliya Silahlı Qüvvələrinin tərkibindədir və regionda humanitar missiyaları da dəstəkləyir.
5. "USS Blue Ridge" – okeanların "qoca" komandiri (1970)
Açıq dənizdə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş ən qədim döyüş gəmisi isə ABŞ-a məxsus "USS Blue Ridge" (LCC-19) komandir gəmisidir. 1969-cu ildə suya buraxılan və 1970-ci ildə istifadəyə verilən gəmi 193 metr uzunluğundadır və 1200-dən çox heyət üzvü ilə təchiz olunub.
Gəmi əsasən komanda və əlaqə sistemləri ilə təchiz olunub, bu səbəblə ABŞ-ın 7-ci donanmasının flaqmanı olaraq Yaponiyanın Yokosuka bazasında yerləşir. USS Blue Ridge bu statusunu hələ 2039-cu ilə qədər qoruyacaq.
Aydın
Şərhlər