Xəbər lenti

Bakının tramvay və posttramvay dönəmi, Şərifin xilaskar çayniki
Murad KÖHNƏQALA
Ölkə 11:36 02.09.2024

Bakının tramvay və posttramvay dönəmi, Şərifin xilaskar çayniki

Bəzən şəhərdə köhnə Bakı vaxtı oturub-durduğumuz yerlərdən ötüb keçərkən istər-istəməz keçmişi xatırlayıram. O məkanların əksəriyəti öz köhnə cildini dəyişərək yeni obyektlərə çevrilib. Eləsi var təkcə cildini dəyişib, yəni, obyekt kimi məzmunu dəyişməyib, eləsi də var həm cildini, həm də məzmununu dəyişib. 

Hər dəfə "İçəri Şəhər” metrosundan çıxıb üzü aşağı bulvara tərəf düşəndə, nə vaxtsa "Vahid çay evi” adlandırdığımız o unikal tikilinin yanından keçirəm. Bilənlər bilir, Filarmoniyanın yanındakı bağı deyirəm. O ağacların altına çayxana stolları düzülərdi. Bura dostlarla görüşüb söhbətləşdiyimiz sevimli yerlərimizdən idi. 

Onda Azad Yazarlar Ocağını (AYO) təzə yaratmışdım. Əsas ədəbi söhbətlər, diskussiyalar bu məkanda gedirdi. Bağın ətrafında bir neçə kafe də vardı. Həmin kafelər hazırda da fəaliyət göstərir, lakin məzmunu dəyişib, bahaçılıqdı, şair-yazıçılıq yer deyil. 

Biz o zamanlar yeyib-içmək üçün ya Sabirin heykəli ilə üzbəüzdə yerləşən "Monolit” kafesinə, ya da Tarqovıda "Araz” kinoteatrının altına, Şirzadın kafesinə gedərdik. Şirzad əslən Gədəbəyli idi, çox dadlı yeməklər verərdi, başqa yerlərə baxanda orda nisbətən şairanə-ucuzluq idi. 

Köhnə məkanları xatırlamışkən, görüm, ən uzaq dövrlərdə yığıldığımız daha hansı kafe-çayxana var... Mən Bakıya səksəninci illərin əvvəlində gəlmişəm. Sovet dövrü, tramvay-trolleybus vaxtları bir məşhur "Göyərçin” kafesi vardı. O yeri lap köhnə tələbələr xatırlayar, dadlı sosiskası, pivəsi olardı. Sosiska demiş, ən dadlı sosiskalar bir Yasamal bazarının yanındakı ayaqüstü pivnoyda, bir də bayaq dediyim Monolitdə olardı. İndicə birini də xatırladım: yeganə Universitet olan BDU yataqxanalarının həyətindəki kafe-çayxananın da dadlı sosiskası olardı, yanında da sərt acikası. 

Ən qədim kafelərdən birini deyim: sovet vaxtı dostlarla getdiyimiz, Statistika idarəsi ilə üzbəüzdə yerləşən o cızbızxananı xatırlayan adamlardan qalıbmı, görəsən? Orası əsil meyxanə idi, içəridə tüstü-duman, çızbız ciziltisi, qaynaşan sərxoş adamlar... 

Həmin dönəmdə Kömürçü bazarına yaxın, Kubinkada yol ayrıcında "Üçbucaq” dediyimiz dadlı bir kababxana da vardı. Sonra, Elmlər metrosundan çıxıb sola üzüaşağı gedirdin, prospektin ayağında da bir məşhur kafe vardı, bizim kəndin tələbələri, adətən, orda yığışardı. Bunlar, mənim metro tikintisində işlədiyim dönəmin, yəni tələbəliyimə qədər gördüyüm kafelərdəndi. Həə, birini də xatırladım: Malakan bağındakı kafe. 

Sonra, iş elə gətirdi ki, Moskvada tələbə oldum, uzun müddət Bakıdan itdim. 

Doxsanıncı illərin əvvəlində mən Vətənə qayıdanda artıq, Bakıda Meydan dövrü başlamışdı. O vaxtlar Bulvar bağlarında başdan-ayağa çayxana-kafelər düzülmüşdü. İndi həmin yerlərin bəzisi cildini və qiymətlərini dəyişərək yenə də kafe-çayxana kimi fəaliyət göstərir. 

Meydan dövrü Azneft dairəsinin yaxınlığındakı "Nu poqodi!” çayxana-kafesi ən məşhurlardan idi. Yaradıcı adamlar əsasən burada görüşür, oturub uzun-uzadı söhbətləşirdilər. Bu cür söhbətləşmələrin əksəriyəti yeyib-içmə məclisləri ilə bitərdi. 

Deyim ki, sahili boyu səpələnmiş çayxanalar əsasən, istirahət məkanları kimi fəaliyət göstərirdi. Çay içib dostlarla söhbətləşmək dəb halını almışdı. Bulvar bağlarında çayxana-kafelərin yanında blyard stolları da qoyulmuşdu. Bilyardı yaxşı oynasam da çox az hallarda əlimə kiy götürərdim. Oturub söhbətləşmək mənim üçün daha cazibəli idi. Əlbəttə, əldə qəzet tutduğumuz həmin dönəmlər söhbət üçün mövzumuz da çox idi. Siyasətdən girib ədəbiyatdan çıxırdıq. 

Dənizin düz sahilində yerləşən "Balıqqulağı” dediyimiz indiki "Mirvari” restoranına da hərdən gedirdik. Hələ sularının üstündən körpü ilə adladığımız gəmili "Venesiya” restoranına da hərdən baş çəkirdik. Dənizə uzanan perronun qurtaracağındakı şüşəli "Gilavar” kafesi də ləzzətli idi. 
Daha hansı çayxana, kafe populyar idi bizim üçün, xatırlamağa çalışıram. Ən qədimlərdən biri də Sahil bağının ayağında, podvalda idi. Adı deyəsən, "Nərgiz” idi, orda da əsasən yazıçılar oturardı. Mən o kafedə ilk dəfə Şaiq Vəli və Fərman Kərimzadə ilə oturmuşdum. 28-də Sabir Rüstəmxanlının "Azərbaycan” qəzetinin redaksiyasının yanında "Ozan” kafesi vardı, Hüseyn Ariflə də ilk dəfə Cənubdan gələn dostlarla orda oturmuşuq. Vaqif Səmədoğlu ilə isə, Tarqovıda Rus Dram Teatrı tərəfdə podval restoran var, bir neçə dəfə orda  "vurmuşuq”. Nəysə...

Axundov kitabxanasının da yaxşı kafesi vardı. Sahil metrosunun indiki girişiylə üzbəüz podvalda da bir kafe vardı. Həə, Tarqovının giriş tərəfindəki "Zabitlər evi”nin kafesində də uzun illər məskunlaşmışıq. Unutmarıq, xatirəsini hörmətlə anırıq! 

Sonra, uzun müddət daimi məkanımıza çevrilmiş Nizami heykəlinin qarşısındakı böyük çayxana hazırda üstü örtülü olsa da kafe kimi fəaliyət göstərməkdədi. Sonra, Nizami muzeyi ilə üzbəüz dayananda sağ əldəki podvalda da məşhur kafemiz hökm sürürdü. Nizami demiş, "Nizami” kinoteatrının üzbəüzündə və arxasında da maraqlı kafelər vardı. Canım sənə desin, Tarqovıda "Vətən” kinoteatrının çıxışında səliqəli kafelər olurdu. Əlisəmidlə girib ayaqüstü "yüz-yüz” vurardıq, ey gidi dünya! Yaxındakı tində də bir podval vardı, Vaqib Nəsibli, Çingiz Əlioğlulu günlərimiz orda çox keçib.  

Son vaxtların ən ümidverici məkanı kimi Nərimanov parkındakı Dursunun çayxana-kafesinin xatirəsini də bir dəqiqə sükutla yad etməliyik. Həmin məkandan keçərkən əziz dostumuz Arif Aydını xatırlamamaq insafsızlıqdan xəbər verərdi. Parkın digər tərəfindəki Təbriz kafesini də unutmarıq! Təbriz demiş, Tarqovıda da nə vaxtsa bir "Təbriz” vardı, podvalda. 

Hələ mən indi yadıma düşənləri deyirəm, yəqin dostlar bu yazımı oxuduqca çox məkanlara xəyal edəcəklər. 

Nə bilim ee... Bir vaxtlar Səməd Vurğun bağının üzbəüzündə çadır kafelər qurulmuşdu, Oqtay Rza ilə oralarda çox "vurmuşuq”. Çölə samovar da qoyardılar. Bir dəfə dəmləşib Oqtay Rzanı qucaqlayaraq yerimdə bir neçə dəfə fırlandım. Hər dəfə o sevimli insanla rastlaşanda gülüb belə deyərdi: "Köhnəqala, o nə idi, məni balaca uşaq kimi qucağında fırlayırdın”. 

Birini də deyim, nəşriyatın kafeləri! Yeni nəslin yazarları görmədi, qəzetlərin qurğuşunla yığılan vaxtı nəşriyatın zirzəmisində də yaxşı kafemiz vardı. "Dostun dəlidirsə” yazımın qəhrəmanı İlyas Ərnəfəslə orda oturmuşduq. 

Kimlər gəldi, kimlər keçdi! Nə dönəmlər oldu getdi! 

Hər yanda yeyib-içmək məkanları! Biz də elə, yeyib-içib hərlənir, yazıb-pozurduq. Yəqin, çox ucuzluq imiş. Heç bilmirəm onda pulu-zadı hardan alırdıq... 

Məmməd İsmayılın rəhbərliyi ilə "Gənclik” jurnalı çıxan vaxtlar "İçəri Şəhər” (onda "Baksovet” idi) metrosunun çıxışından sola enən kimi ağacların altında böyük bir çayxana vardı. Qərbi Azərbaycandan soydaşlarımız təzəcə köç edən vaxtlar idi, Əhməd Oğuzla həmin çayxanada tanış olmuşdum. Ey gidi dünya, bu gün (31 avqust) Əhmədin vəfatından düz üç il ötür! 

Həmin çayxananın daim sakinləri olmuş Akif Səmədi, Hüseyn Əfəndini, Sabir Sarvanı, Mehdi Bəyazidi də kədərlə xatırlayıram.  
Nə bilim ee, xatırladıqca xatırlayırsan. 

İçəri Şəhər tərəfə gəlib çıxmışkan sizə bir əhvalat danışım, könlünüz açılsın. Demək, AYO-nun qızğın çağları, həm də "Vahid çay evi”ndə yığışan vaxtlarımızdı. Onda hələ düyməli telefon işlədirdik. Günortadan azca keçmişdi, mən artıq, çayxanada oturmuşdum. Bir də baxdım, gənc, istedadlı və ümidverici yazıçımız Şərif Ağayar zəng eləyir. Telefonu açdım. Dedi, ustad (indi olmasın, o vaxtlar mənə "ustad” deyərdi), haralardasan? Dedim, "Vahid” çay evində. Dedi, möhkəm "vurmaq” istəyirəm, imkanın varmı? Dedim, imkan yoxdu, pulum yalnız çaya çatar. Dedi, dəhşət vurmaq istəyirəm, bə nağayraq? Dedim, sən indi hardasan? Dedi, hələlik evdəyəm. Dedim, ən yaxşısı, yoldaşından sələmə biraz pul götür, sonra verərik. Dedi, düzü, yoldaşımda pul var, ancaq verməz, həm də evdə yoxdu. 

Fikirləşdim, demək, yoldaşının pulu var, ancaq özü evdə deyil. Adətən, qadınlar pulun hamısını özləri  ilə götürmür, əsas qismini evdə qoyurlar. Beynim Şerlok Holms kimi işləməyə məcbur oldu və dərhal ağlıma yeni ideya gəldi. 

Dedim, Şərif, yoldaşın hansı bölgədəndir? Dedi, əslən ağdamlıdır. Dedim, çox yaxşı, evinizdə qab-qacaq servantı varmı? Dedi, var. Dedim, servantdakı o qab-qacağın arasında işlətmədiyiniz, bəzəkli dəm çaynikləri də varmı? Dedi, deyəsən, var. Dedim, konturun çox getməsin, "otboy” ver, get o çayniklərin içinə bax, sonra məni təzədən yığarsan. 

Nəysə, telefonu söndürdü. Bir-iki dəyqə keçməmiş, baxdım ki, telefonum sevinclə səslənir. Tez götürdüm. O başdan Şərifin şən səsi gəldi: "Sən doğrudan ustadsanmış! Pullar çaynikin içindədi! İndi gəlirəm!” 

Dedim: "Hamısını götürmə, elə götür, hiss olunmasın. Çünki, bu günün sabahı da var”.    

Şərif onda Elmlər Akademiyası tərəfdə, metro yaxınlığında yaşayırdı. 

Bir az keçmişdi, gördüm, dostumuz uça-uça gəlir. Görüşdük, öpüşdük. Dedi, getdiy eee! 

Yaxınlıqdakı kafedə oturduq. Ortaya salat gələn kimi, dedim, süz, birincini çaynikin sağlığına vuraq. Badəni qaldırıb belə bir sağlıq dedim: 

"İçək o naxışlı, savadlı, kübar, qəlbiaçıq çaynikin sağlığına! Arzu edirəm o çaynikin içi daim dolu olsun! Ömründə çat verməyin nə demək olduğunu bilməsin! Lüləyinə heç vaxt, çayxana çayniklərindəki kimi, dəmir calanmasın! Arzu edirəm, yoldaşın lap ucadan qəzəblənsə belə, heç vaxt o çayniki sənin başın tərəfə atmasın!” 

Sağlıq bitən kimi hər ikimiz badəni başımıza çəkib çəngəlimizi xiyar turşusuna tərəf yönləndirdik. 

Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->