Azərbaycan çempionatında qış fasiləsidir. Yeni ili şad-xürrəm qarşılayan futbolçular, klub və AFFA idarəçiləri yavaş-yavaş istirahətlərini bitirib, yenidən "meydanlara” qayıdırılar. Klublarımızdan Premyer Liqanın qalan hissəsinə Antalyada hazırlaşan da var, Azərbaycanda da. "Neftçi” həmişə olduğu kimi, pula xəsislik eləməyib, lap uzağa gedib. "Ağ-qaralar” Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə yollanıb. "Neftçi” orda "Kayrat”, "Çenqdu Ronqçenq”, "Piramids” kimi rəngarəng rəqiblərlə qarşılaşacaq. Ardıcıl üçüncü mövsüm avrokuboklardan uzaq qalmaq təhlükəsi yaşayan "Neftçi” bununla da beynəlxalq oyun həyacanı yaşamış olacaq.
"Neftçi” kimi "Turan Tovuz” da Azərbaycanı tərk edib. Ehtiram Quliyevin səxavətindən gen-bol istifadə edən Kurban Berdıyev komandanı hamıdan tez toplayıb və Antalyaya aparıb. Onlar da "Neftçi” kimi ötən mövsüm avrokuboklara gedə bilməməyin acığını yayda və qışda xaricdə təlim-məşq toplanışı keçirməklə çıxarırlar. Hər halda ildə bir neçə dəfə xarici pasportlara sərhədkeçmə möhürü vurdurmaq lazımdı. Mən çox arzu edərdim ki, "Neftçi” də, "Turan Tovuz” da bu təlim-məşq toplanışlarının xeyrini görsünlər və Premyer Liqadakı mübarizədə sözün ciddi mənasında iştirak edə bilsinlər. Yəni ki, təkcə sözdə iddialı olmasınlar, əməldə də bu iddianı göstərsinlər. "Neftçi”nin problemi başdan aşır, xərclənən milyonlara baxmayaraq, paytaxt təmsilçisi mükafatçılar sırasına yaxın düşə bilmir. "Turan Tovuz”un da dərdi ağırdır. Qərb bölgəsinin adlı-sanlı, imkanlı komandası nə baxımlı oyun sərgiləyə bilir, nə də nəticə qazanmağı bacarır. "Neftçi” qış fasiləsinə 8-ci pillədə yollanıb, "Turan Tovuz” isə 4-cü.
Ümid edək ki, qışdan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək, çempionatımızda rəqabət artacaq.
Bu fasilədə diqqətimi çəkən bir məqam da U-21 yığmamızla bağlı oldu. Fasilədən yararlanan AFFA 21 yaşadək futbolçulardan ibarət yığmamız üçün də təlim-məşq toplanışı təşkil edib. Amma nə sirri-xudadırsa, gəncləri ölkədən xaricə yollamaq üçün pul xərcləmək AFFA-nın ürəyincə olmayıb. Məlum məsəlidir ki, gənclər nə qədər beynəlxalq səviyyəli oyun keçirsə, əcnəbi komandalarla qarşılaşsa, bundan o qədər fayda və təcrübə qazanarlar. Lakin Bakıda toplaşacaq U-21 yığmamız gücünü "Səbail” və "Şamaxı” ilə sınayacaq. Sözsüz ki, daha "dişli” rəqiblərlə qarşılaşma gənc futbolçularımız bərkə-boşa salardı, nəinki aşağı liqa təmsilçisi "Səbail” və elitada heç bir iddiası olmayan "Şamaxı”.
Bu yerdə onu da xatırladım ki, 2027-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan yığmamızın rəqibləri Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariqdir. Artıq Portuqaliya ilə Çexiyaya səfərdə 0:5 məğlub olmağa da macal tapmışıq. Bu il həmin rəqibləri Bakıda qəbul edəcəyik. Adamın gəncləri qınamağa dili də gəlmir. Gücünü "Səbail”lə "Şamaxı” ilə sınayan bu uşaqların Portuqaliya və Çexiyaya qarşı oyunlarda ayaqları əsməsin, neynəsin?! Bundan sonrasını AFFA düşünməlidir. Əlbəttə ki, futbolumuzun gələcəyi sayılan gənclərin durumu onları narahat edirsə...
Amal Abuşov
Şərhlər