Xəbər lenti

İdman 11:50 09.01.2026

"Qarabağ"ın hansı futbolçularına təkliflər var? - Qurban Qurbanov

"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur.

Bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis təkliflər barədə danışıb: "Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur".

O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib: "Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik".

Qurban Qurbanov transfer planlarını UEFA Çempionlar Liqasındakı nəticələrə əsasən qurmadıqlarını vurğulayıb: "Futbolçu Bakıda olmasa, deyə bilmərik ki, keçid həll edilib. Bəzən son anda alınmayanlar olub. UEFA Çempionlar Liqasında mərhələ keçsək də, heyəti çox dəyişə bilmərik. Biz futbolçulardan narazı olduğumuz üçün yox, heyəti genişləndirmək məqsədi ilə oyunçu axtarırıq".

Qurban Qurbanov bildirib ki, "Qarabağ" Misli Premyer Liqasında çempion olmaq üçün sonadək vuruşacaq. Təcrübəli mütəxəssis hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşmaları barədə danışıb: "Məndə həmişə narahatlıq olub. Çempionatdakı komandaların istəkləri, həvəsləri çoxdur. Hər birinin beynəlxalq uğuruna sevinirik. Biz iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün sonadək vuruşacağıq. Hər il çempion olmalısan deyə qanun yoxdur. İstənilən turnirdə lider və qalib dəyişə bilir. Hansısa klub çempion olmursa, iddiasından əl çəkmir. Premyer Liqa gərgin keçir, iddialı və gələcəyi planlaşdıran rəqiblər var".

O, arzusunu da dilə gətirib: "Arzum futbolda sizlərin, azarkeşlərin inamını itirməməkdir. Çempion olmaq, kubok qazanmaq şərt deyil. Şəxsi həyat barədə danışmağı isə xoşlamıram. Futboldan uzaq qalmaq mümkün deyil. Son vaxtlar bəzən məğlubiyyətlər barədə mübahisə edirdilər".

--> -->