Xəbər lenti

20 Yanvar: Qanla yazilan tarix, qürurla yaşadilan yaddaş
Elnarə AKİMOVA
Ölkə 16:06 16.01.2026

20 Yanvar: Qanla yazilan tarix, qürurla yaşadilan yaddaş

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən ağır, həm də ən şərəfli səhifələrdən biridir. Bu gün – Qanlı Yanvarın 36-cı ildönümündə xalqımız yalnız böyük bir faciəni deyil, eyni zamanda azadlıq, milli ləyaqət və müstəqillik uğrunda göstərilən misilsiz qəhrəmanlığı ehtiramla xatırlayır. 20 Yanvar hadisələri təkcə günahsız insanların kütləvi qətli deyil, bütöv bir xalqa qarşı törədilmiş öncədən planlaşdırılmış, insanlıq əleyhinə ağır cinayət idi.

Bu faciəyə aparan yol 1987-ci ildən – azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı dövrdən başlamışdı. Artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı zorakılıq yolunu seçdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun böyük hərbi kontingenti Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi. Ağır texnika, tanklar, zirehli maşınlar və dənizdən çıxarılan desant qüvvələri dinc əhaliyə qarşı istifadə olundu.

Qadın, uşaq, qoca demədən günahsız insanlar gülləbaran edildi. Fövqəladə vəziyyət rəsmi olaraq elan olunmadan əvvəl artıq onlarla insan qətlə yetirilmişdi. Radio vasitəsilə fövqəladə vəziyyət barədə məlumat yalnız səhər saatlarında verildi – yəni qanlı qırğın artıq başa çatdıqdan sonra. Nəticədə respublika üzrə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, yüzlərlə insan qanunsuz həbs olundu, dövlət və şəxsi əmlaka milyonlarla rubl dəyərində ziyan vuruldu. Bu, sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi açıq hərbi təcavüz idi.

20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və mənəvi dayaqlarını tam sarsıtdı. Xalqın mövcud rejimə və Sov.İKP-yə nifrəti ən yüksək həddə çatdı, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Eyni zamanda, faciədən sonra bəzi siyasi qüvvələrin xalqın qanı üzərindən siyasi divident qazanmaq niyyətləri də ifşa olundu. Hadisələrə siyasi qiymət verilməsi tələbi ilə çıxış edənlər sonradan hakimiyyətdə olduqları dövrdə bu məsuliyyətdən yayındılar.

20 Yanvar faciəsinə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, baş verənləri hüquqa, demokratiyaya və humanizmə zidd ağır cinayət adlandırdı. Kremlin informasiya blokadasına baxmayaraq, bu mövqe bütün dünyada geniş əks-səda doğurdu və Azərbaycan xalqının qəlbində ümid işığı yandırdı.

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən tarixi qərar qəbul etdi. Daha sonra, müstəqil Azərbaycanda 1994-cü il martın 29-da Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri dövlət səviyyəsində totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən qiymətləndirildi. Bu qərarda günahkarlar konkret göstərildi və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu gün Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi uca tutulur. Şəhidlər Xiyabanında ucaldılan "Əbədi məşəl” memorial kompleksi, 20 Yanvar şəhidlərinə verilən fəxri ad, hər il yanvarın 20-nin ümumxalq hüzn günü kimi qeyd olunması dövlətin və xalqın bu müqəddəs xatirəyə ehtiramının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün güclü sosial müdafiə sistemi formalaşdırılıb, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.

20 Yanvar faciəsi Azərbaycan xalqı üçün yalnız böyük bir kədər deyil. Bu tarix eyni zamanda milli ləyaqətin, birliyin və azadlıq iradəsinin təntənəsidir. Məhz həmin gün Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi və geri dönməz azadlıq yoluna qədəm qoydu. Bu gün müstəqil, suveren Azərbaycan dövləti, azad edilmiş torpaqlarda dalğalanan üçrəngli Bayraq, bərpa olunan Qarabağ və Şərqi Zəngəzur 20 Yanvar şəhidlərinin qanı ilə yazılan tarixin məntiqi davamıdır.

Qanlı Yanvar Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq – həm faciə kimi, həm də qəhrəmanlıq dastanı kimi. Bu tarix bizə azadlığın qiymətini, müstəqilliyin dəyərini və milli kimliyimizin möhkəmliyini bir daha xatırladır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əmanət qoyduğu müstəqil Azərbaycanı qorumağı ən ali borcumuz sayırıq.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
--> -->