Dünya 13:30 01.04.2023

Avropa İttifaqının Çin planı: Pekin Ukraynanı dəstəkləyəcək?

"Mövcud vəziyyətdə Qərb Pekinin Ukrayna məsələsində bitərəf mövqe tutmaq siyasətindən əl çəkməsinə nail ola bilməyəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Çin lideri Si Szinpinin Rusiyaya səfərindən sonra Avropa İttifaqının Pekini Ukrayna məsələsində öz mövqelərinə yaxınlaşdırmaq yolunda atdıqları addımları dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, Pekin bütün hadisələrə yalnız öz maraqları prizmasından yanaşır:



"Çinin maraqlarına cavab verəcəksə, Avropa İttifaqı onu Ukrayna məsələsində öz tərəfinə çəkə biləcək. Amma Çin hesab etsə ki, Ukrayna məsələsinə qarışmamaq xeyirlidir, indi olduğu kimi bitərəflilik mövqeyində qalacaq. Pekin bütün hadisələrə yalnız öz maraqları prizmasından yanaşır. Hələlik Çin bitərəflilik mövqeyində dayanıb. Çinin Ukrayna münaqişəsilə bağlı 12  bənddən ibarət sənədində Pekinin bütün maraqları öz əksini tapıb. Burada birinci maddə dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipindən ibarətdir. Belə vəziyyət Çinin dövlət maraqlarına cavab verir. Sənəddə əks olunan digər məqamlar isə elə birinci meyardan törəmə meyarlardır”. 

Qeyd edək ki, Çini Ukrayna məsələsində öz tərəflərinə çəkmək üçün Si Szinpinlə ilk olaraq cümə günü İspaniyanın Baş naziri Pedro Sançes görüşüb. O, Çin liderini Pekinin sülh prosesində mühüm rol oynamaq istədiyi təqdirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağa çağırıb. 

Gələn həftə isə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Çin liderilə görüşə gedəcəklər. Makron Çin rəhbərliyini Rusiyanın başlatdığı müharibənin sona çatmasına kömək etməyə inandırmağa çalışacağını bildirib. 

Rüfət Sultan