Bir çox insan niyə üzr istədiyini düşünmədən və analiz etmədən bunu edir. Çox vaxt bu, reflektor davranış kimi meydana çıxır: məsələn, biri kiminləsə toqquşanda və ya başqa şəxs onun sərhədlərini pozsa belə üzr istəyəndə. Zamanla bu vərdiş o qədər dərinləşir ki, insanlar artıq öz hissləri, ehtiyaclarını ifadə etmələri və hətta məntiqli məsləhətlərinə görə belə üzr istəməyə başlayırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq, fəlsəfə doktoru Mark Trevers "Forbes” üçün yazıb.
Psixoloq qeyd edir: "Üzr istəmək normaldır, lakin yalnız insan həqiqətən günahkardırsa. Problem ondadır ki, üzr istəmək qeyri-ixtiyari reaksiyaya çevriləndə həmin anda gərginliyi azaltmağa yarayır, lakin zamanla özünə hörməti zədələyir. Həddindən artıq üzr istəmək çox vaxt erkən münasibət dinamikasında, bağlanma meyllərində və insanların konfliktlərdən yayınma üsullarında kök salan davranış modelidir".
Bu səbəbdən psixoloq, heç bir pislik etməsəniz belə niyə həddindən artıq üzr istəyə biləcəyinizi izah edən dörd elmi əsaslandırılmış psixoloji səbəbi sadalayır.
1. Üzr istəyirsiniz, çünki uşaqlıqda özünü senzura vərdişiniz formalaşıb
Özünü senzura — insanların münasibətləri qorumaq üçün öz ehtiyac və hisslərini boğduğu davranış modelidir. Əvvəlcə qadınların münasibətlərində araşdırılan bu modelin sonradan kişilərdə də inkişaf edə biləcəyi müəyyən edilib.
1992-ci ildə "Psychology of Women Quarterly” jurnalında dərc olunmuş bir araşdırmada müəyyən edilib ki, özünü senzura çox vaxt münaqişənin təhlükə kimi qəbul edildiyi və ya sevgi və qəbulun itaətdən asılı olduğu ailələrdə formalaşır. Belə insanlar böyüdükcə gərginliyi azaltmaq, harmoniyanı bərpa etmək və başqalarını məyus etməmək üçün tez bir şəkildə üzr istəməyə meyilli olurlar.
Psixoloq əlavə edir: "Konflikt təhlükəli göründükdə, "üzr istəyirəm" emosional təhlükəsizliyə tez çatmağın yoluna çevrilir. Bu, mübahisənin dərinləşməsinin qarşısını alır, lakin real bağlılığın yaranmasına mane olur. Zamanla insan öz səsinin ‘qiyməti’ olduğunu öyrənir və üzr istəmək sülhü qoruma strategiyasına çevrilir”.
2. Üzr istəyirsiniz, çünki günahkarlıq hissinə həddindən artıq həssassınız
Bəzi insanlar günahkarlığı başqalarından daha tez və daha güclü hiss edirlər. "Journal of Psychology and Social Psychology” jurnalında dərc olunmuş araşdırmaya görə, yüksək empatiyası olan insanlar daha çox günahkarlıq meyli göstərirlər.
Trevers yazır: "Bu nəticələrə əsaslanaraq demək olar ki, günahkarlığa meyilli insanlar münasibətlərdəki gərginliyə, konfliktin səbəbi olmasalar belə, daha tez məsuliyyət götürürlər. Onlar üçün kiminsə inciyəcəyi fikri o qədər narahatedicidir ki, üzr istəmək daxili gərginliyi tənzimləməyin reflektor yoluna çevrilir”.
3. Üzr istəyirsiniz, çünki bağlanma tərziniz konflikti təhlükə kimi hiss etməyə səbəb olur
Bağlanma nəzəriyyəsi göstərir ki, narahat bağlanmaya sahib insanlar konfliktlərlə fərqli şəkildə davranırlar.
"Anksiyete yönümlü bağlanmaya malik insanlar çox vaxt həddindən artıq üzr istəyirlər, çünki tərk edilməkdən və ya qınanmaqdan qorxurlar. Tez üzr istəmək yaxınlığı qorumaq və münasibətlərin pozulması riskini azaltmaq üsuludur. Uzaqlaşdırıcı bağlanma tərzinə malik insanlar isə emosional konfliktləri xoşlamırlar və sadəcə qarşıdurmanı bitirmək üçün üzr istəyə bilərlər”, deyə psixoloq bildirir.
4. Üzr istəyirsiniz, çünki konfliktlərdən hər vəchlə qaçmağı öyrənmisiniz
Həddindən artıq üzr istəmək həm də insanın keçmişdə təkrarlanan, gözlənilməz və emosional cəhətdən yüklü konfliktlərə qarşı öyrəndiyi reaksiya ola bilər.
Psixoloq xatırladır: "2017-ci ildə ‘Current Opinion in Psychology’ jurnalında dərc olunmuş araşdırma göstərib ki, uzun müddətli interpersonal stresslə üzləşən insanlar çox vaxt uşaq ikən öyrəndikləri tənzimləmə üsullarına qayıdırlar və bu, onların bağlanma tərzinə uyğun formada təkrarlanır”.
Nəticədə Trevers vurğulayır ki, həyatında uzunmüddətli münasibət gərginliyi yaşamış insanlar böyüklükdə daha çox sakitləşdirici davranışlar nümayiş etdirir və yaxud konflikti tamamilə evitasiya edirlər.
Necə lazımsız üzr istəməkdən vaz keçməli?
Mütəxəssis məsləhət görür ki, növbəti dəfə "üzr istəyirəm” deməzdən əvvəl dayanıb özünüzə sual verin: məsuliyyət hissi keçirirsiniz, yoxsa sadəcə narahatlıq?
"Cümlələri dəyişməyə çalışın. "Üzr istəyirəm, gecikdim" deməkdənsə "Gözlədiyiniz üçün təşəkkür edirəm" deyin. "Üzr istəyirəm, sizi yenə narahat edirəm" əvəzinə "Dəstəyinizi qiymətləndirirəm" deyin. Hisslərinizi adlandırın. Bəzən "Bu söhbət məni narahat edir" demək "Üzr istəyirəm" sözündən daha dürüstdür”, deyə psixoloq bildirir.
Aydın
Şərhlər