Rusiya Azərbaycanı "10 noyabr bəyannaməsi"nin şərtlərini pozmaqda ittiham edir. Kreml hesab edir ki, "Vaşinqton görüşü" zamanı imzalanan sənədlər Rusiya ilə razılaşdırılmalı idi.
Qeyd edək ki, Azərbaycan "10 noyabr bəyannaməsi"nin şərtlərinə sona qədər əməl edib və yeni sənədlərin imzalanması bu bəyannamənin şərtlərinin pozulması kimi dəyərləndirilə bilməz.
Ümumiyyətlə, "10 Noyabr bəyannaməsi"nin heç bir hüquqi qüvvəsi yoxdur. Əslində saziş xarakterli sənədin bəyanat adlandırılması, onun parlamentdə ratifikasiyasının qaçılmazlığından imtina etmək imkanını əldə etmək məqsədi daşıyırdı və bu, Nikol Paşinyanın xahişi idi. Həmin hərbi-siyasi şəraitdə belə bir sənədi parlamentin ratifikasiyasına çıxarmaq Paşinyanın maraqlarına cavab vermirdi. Birincisi, müxalifət ratifikasiya prosesini poza bilərdi. İkincisi, ratifikasiya ilə bağlı vaxt itkisi sazişin müddəalarənın reallaşdırılmasını mümkünsüz edə bilərdi. Hüquqi baxımdan bəyanatın parlamentdə ratifikasiysı məcburi deyil. Hətta parlamentlərdə ratifikasiya olunsa belə, sənəd bəyannamədir. Bəyannamə isə konkret hüquqi öhdəliklər deyil, məramların ifadəsidir. Bu məramların öz hüquqi təzahürünü konkret sazişlərdə tapması vacibdir. Yəni, bəyannamədə ifadə olunmuş məramın reallaşdırılması yalnız siyasi iradədən asılıdır. Siyasi iradə isə ola da bilər, olmaya da. Bir sözlə, bəyannamədə ifadə olunmuş öhdəlik mütləq deyil və Kreml bu müstəvidə Bakıdan hansısa tələbi edə bilməz.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib ki, Sünik (Zənəzur) bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır.
Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişləri qanuni hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb.
"Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu" adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib: "Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, hələlik təfərrüatlar ictimaiyyətə açıqlanmayıb".
Diplomat bildirib ki, Ermənistanın Aİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. "Bunlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır", deyə Fadeyev əlavə edib.
Siyasət şöbəsi
Şərhlər