Xəbər lenti

Ceff Bezosun anası vəfat etdi: Onun uğuruna inanan qadının bioqrafiyası
Dünya 12:31 15.08.2025

Ceff Bezosun anası vəfat etdi: Onun uğuruna inanan qadının bioqrafiyası

Amerikalı iş adamı Ceff Bezos "Instagram" səhifəsində anası Ceklin Bezosun vəfat etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, Ceklin 5 il davam edən demensiya xəstəliyi ilə mübarizədən sonra Bezos ailəsi - övladları, nəvələri və həyat yoldaşı Miqel Bezosun əhatəsində dünyasını dəyişib.

"Son anlarında sevgimizi hiss etdiyini bilirəm. Onun həyatının bir hissəsi olduğumuz üçün hamımız şanslı idik. Onu həmişə ürəyimdə saxlayacağam. Səni sevirəm, ana", deyə Ceff Bezos yazıb.


Bezos anasının həmişə insanlara aldığından daha çox verdiyini qeyd edib. Ailə, gül göndərmək əvəzinə, onun xatirəsinin yaxşı əməllərlə və ya xeyriyyə ianələri ilə anılmasını xahiş edib.

Qadının əziyyət çəkdiyi demensiya növü Altsheymer və Parkinson xəstəliklərinin xüsusiyyətlərini birləşdirən, beynin proqressiv neyrodegenerativ xəstəliyidir.

Ceki Bezosun həyatı

Ceklin "Ceki” Qayz Bezos 1947-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında anadan olub. 17 yaşında - hələ məktəbdə oxuyarkən oğlu Ceff Bezos dünyaya gəlib. O vaxt Ceki Ted Yorqensenlə evli idi, lakin nikah tez bir zamanda başa çatıb.

Təhsilini davam etdirmək üçün axşam dərslərinə gedən Ceki körpəsini valideynlərinə əmanət edir, erkən yaşda həm ana, həm də şəxsi inkişaf məsuliyyətini daşıyırdı.

1968-ci ildə o, Kuba əsilli miqrant Migel Bezosla evlənib. Migel Bezos Ceffi övladlığa götürüb. Birlikdə üç övlad - Ceff, Kristina və Markı böyüdən cütlük 50 ildən çox ailə həyatı yaşayıb.

Çətin gənclik illərinə baxmayaraq, Ceki təhsilini davam etdirərək 45 yaşında Nyu-Meksiko Dövlət Universitetindən psixologiya üzrə bakalavr dərəcəsi alıb. Müxtəlif sahələrdə çalışaraq ailəsini dəstəkləyib, övladlarını həmişə elmə, marağa və sahibkarlığa həvəsləndirib.

1995-ci ildə Ceki və Mayk Bezos "Amazon"un ilk investorlarından olub - hələ qarajda fəaliyyət göstərən startapa təxminən 245 min dollar yatırıb. Onun oğlunun ideyasına inamı və dəstəyi şirkətin uğurunun mühüm hissəsi sayılır.

2000-ci ildə cütlük gənclərin təhsilini və inkişafını dəstəkləyən "Bezos Family Foundation" fondunu yaradıb. Ceki məktəbəqədər uşaqların inkişafı üçün nəzərdə tutulan "Vroom" təşəbbüsündə fəal iştirak edib, həmçinin dünyanın müxtəlif ölkələrindən yeniyetmə liderlərə imkanlar yaradan "Bezos Scholars Program" layihəsini dəstəkləyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->