Xəbər lenti

13 ton bomba və raket daşıya bilir: Dünyanın ən ağır silahlanmış qırıcısı
Dünya 14:34 15.08.2025

13 ton bomba və raket daşıya bilir: Dünyanın ən ağır silahlanmış qırıcısı

"Boeing F-15EX Eagle II" qırıcısı 13 000 kiloqramdan çox silah daşımaq imkanına malikdir ki, bu da onu dünyanın ən ağır silahlanmış döyüş təyyarəsi edir. Bu xüsusiyyət F-15EX-ə həm hava döyüşlərində, həm də yer hədəflərinə zərbələrdə geniş imkanlar yaradır.

Qaynarinfo wionews.com-a istinadən xəbər verir ki, təkmilləşdirilmiş AMBER raket dayaqları sayəsində F-15EX eyni vaxtda 22-yə qədər "hava-hava” tipli raket daşıya bilər. Bunlara yaxın məsafəli döyüş üçün "AIM-9X Sidewinder" və uzaq məsafəli hədəflər üçün AIM-120 AMRAAM daxildir. Bu qədər raket eyni anda çoxsaylı hədəflərə qarşı müdafiə imkanı yaradaraq havada üstünlük təmin edir.

Yer hədəflərinə zərbələr üçün F-15EX AGM-158 JASSM tipli "hava-yer” qanadlı raketlərindən istifadə edə bilir. Bu raketlər təyyarəyə təhlükəli bölgələr üzərindən uçmadan uzaq məsafədəki hədəfləri dəqiqliklə vurmaq imkanı verir.

Təyyarə həmçinin GBU-31 və GBU-38 JDAM idarəolunan bombalarını, eləcə də kiçik diametrli GBU-39 bombalarını daşıya bilir. Bir döyüş yükündə 16-ya qədər GBU-39 yerləşdirilə bilər. Bu bombalar peyk vasitəsilə idarə olunur ki, bu da pilotlara yüksək dəqiqliklə hədəfləri vurmaq imkanı verir.

F-15EX-in ən müasir xüsusiyyətlərindən biri hipersəs raketləri daşımaq qabiliyyətidir. Məsələn, AGM-183 ARRW raketi səs sürətini beş dəfədən çox aşır və onu zərərsizləşdirmək son dərəcə çətindir. "Boeing” şirkəti bildirir ki, F-15EX uzunluğu 6 metrədək hipersəs raketlərini daşıya bilər.

Bu təyyarə bir missiya çərçivəsində "hava-hava” və "hava-yer” rejimləri arasında keçid edə bilir. Silah sisteminin çevikliyi sayəsində F-15EX eyni vaxtda düşmən təyyarələrinə qarşı döyüşə, pilotsuz uçuş aparatlarından müdafiəyə və yer hədəflərinə zərbələr endirməyə qadirdir.

Bir F-15EX-in qiyməti təxminən 95 milyon dollar təşkil edir. Təyyarə 2,5 Max sürətinə çata bilir və 1900 mildən (təxminən 3057 km) çox uçuş məsafəsinə malikdir.

Aydın

Sorğu

--> -->