Xəbər lenti

100 milyonluq qızıl şah əsərini üç il meşədə gizlətdi, sonra muzeyə qaytardı
Dünya 13:30 11.07.2026

100 milyonluq qızıl şah əsərini üç il meşədə gizlətdi, sonra muzeyə qaytardı

2003-cü ilin may ayında, səhər saat 04:00 radələrində Vyanadakı İncəsənət Tarixi Muzeyində yenidənqurma işləri aparıldığı vaxt təhlükəsizlik siqnalı işə düşüb. Lakin növbətçi mühafizəçi bunu növbəti texniki nasazlıq hesab edərək əhəmiyyət verməyib. Səhər isə məlum olub ki, qalereyadan İntibah dövrünə aid qızıl sənət əsəri – italiyalı heykəltəraş və zərgər Benvenuto Çellininin müəllifi olduğu məşhur "Salyera" duzqabısı oğurlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" nəşri yazır.

Məlumata görə, əsərin dəyəri təxminən 100 milyon ABŞ dolları idi. Məşhur italyan ustası bu əsəri Fransa kralı I Fransisk üçün hazırlamışdı.

Lakin oğru üçün əsas problem ondan ibarət idi ki, bu, Benvenuto Çellininin qızıldan hazırlanmış günümüzədək gəlib çatan yeganə tanınmış əsəri hesab olunur. Buna görə də onu hətta qara bazarda belə satmaq demək olar ki, mümkün deyildi.

Sonradan məlum olub ki, eksponatı muzeydən siqnalizasiya sistemləri üzrə mütəxəssis, zərgər və heykəlcik kolleksiyaçısı Robert Manq oğurlayıb. O, bir neçə il ərzində əsəri satmağa çalışsa da, sonda riskin böyük olduğunu anlayaraq duzqabını qurğuşun qutuya yerləşdirib və meşədə basdırıb.

Bir müddət sonra isə polisə fidyə tələbi ilə anonim məktub göndərib. Təsadüf nəticəsində həmin məktubun göndərildiyi mobil telefon mağazasının müşahidə kameraları onu qeydə alıb. Şəkli mediada yayımlandıqdan sonra Robert Manq könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub və oğurluğa görə dörd il azadlıqdan məhrum edilib.

O, həmçinin xəzinəni basdırdığı yeri polisə göstərib və "Salyera" salamat şəkildə muzeyə qaytarılıb. Bundan sonra eksponat daha etibarlı vitrində yerləşdirilib və muzeydə təhlükəsizlik tədbirləri gücləndirilib.

Çellininin "Salyera"sı nəyi simvolizə edir?

Bu sənət əsəri onun sifarişçisi olan Fransa kralı I Fransiskin zövqünə uyğun hazırlanıb. Kompozisiyanın bir tərəfində əlində üçdişli nizə tutan dəniz tanrısı Neptun, digər tərəfində isə Yer ilahəsi Tellus təsvir olunub. Onların duruşu, jestləri və fiqurların altında dənizlə torpağın qovuşması həmin dövrün insanları üçün aydın rəmzi məna daşıyırdı.

Əsas fiqurları atlar, muzalar və külək tanrılarının təsvirləri tamamlayır. Bundan başqa, I Fransiskin rəmzi olan salamandra və miniatür Roma məbədi də kompozisiyada yer alıb.

Duzqabının hazırlanmasında istifadə olunan materiallar, üzərindəki simvollar və hətta içərisində saxlanılan duz da xüsusi məna daşıyır. Tədqiqatçıların fikrincə, bütün kompozisiya kral hakimiyyətini tərənnüm edən alleqoriya hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->