2025-ci ildə qlobal hərbi xərclərin yarıdan çoxu ABŞ, Çin və Rusiyanın payına düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilir.
Məlumata görə, bu üç ölkənin ümumi hərbi xərcləri 1,48 trilyon dollar təşkil edib ki, bu da dünya üzrə ümumi xərclərin 51 faizinə bərabərdir.
Ümumilikdə isə 2025-ci ildə qlobal müdafiə xərcləri 2,88 trilyon dollara yüksəlib. Beləliklə, artım artıq ardıcıl olaraq 11-ci ildir davam edir. Hərbi xərclərin dünya ÜDM-də payı 2,5 faizə çataraq 2009-cu ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Hesabatda qeyd olunur ki, ABŞ-ın müdafiə xərcləri 954 milyard dollar təşkil edib və bu, əvvəlki illə müqayisədə 7,5 faiz azdır. SIPRI bu azalmanı il ərzində Ukraynaya yeni maliyyə yardımına dair qərarların qəbul edilməməsi, eləcə də ölkənin yenilənmiş milli təhlükəsizlik strategiyasındakı prioritetlərlə izah edir.
İnstitut həmçinin vurğulayıb ki, ABŞ həm nüvə, həm də ənənəvi hərbi potensiala yatırımlarını artırmaqda davam edib. Bu addımlar Qərb yarımkürəsində dominant mövqeyin qorunması və Hind-Sakit okean regionunda Çinin qarşısının alınması məqsədi daşıyır ki, bu da yeni milli təhlükəsizlik strategiyasının əsas hədəflərindən biri kimi qiymətləndirilir.
Aydın
Şərhlər