Xəbər lenti

Dünya 15:50 27.04.2026

"ABŞ borca görə 1000 faiz müflis olacaq" - İlon Mask amerikalılara xəbərdarlıq etdi

"Tesla” şirkətinin baş direktoru İlon Mask amerikalılara xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, 5 fevralda "Dwarkesh” podkastında çıxışı zamanı ABŞ-ın artan dövlət borcu səbəbindən iflasa doğru getdiyini bildirib.

"Biz bir ölkə olaraq 1000% iflasa uğrayacağıq və süni intellekt və robotlar olmadan dövlət kimi çökəcəyik. Başqa heç nə dövlət borcu problemini həll etməyəcək", deyə Mask bildirib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu hazırda 38,96 trilyon dollar təşkil edir və federal xərclərin gəlirləri üstələməsi səbəbindən artmaqda davam edir. 2026-cı maliyyə ilində hökumət artıq təxminən 1,17 trilyon dollar kəsir yaradıb.

Maskın fikrincə, süni intellekt və robot texnologiyalarında sıçrayış olmadan ABŞ-ı çətin gələcək gözləyir.

"Reallıqda vəziyyət çox ağırdır, çünki dövlət borcu sürətlə artır və sistem nəzarətdən çıxır”, deyə o bildirib.

O həmçinin qeyd edib ki, borcun xidmət xərcləri artıq ciddi yükə çevrilib: "Dövlət borcuna görə faiz ödənişləri hərbi büdcəni də keçir – bu, təxminən 1 trilyon dollardır. Yəni yalnız faizlərə trilyondan çox vəsait gedir”.

İranla müharibənin borcu artırması

Məqalədə qeyd olunur ki, ABŞ-ın hərbi xərcləri də vəziyyəti ağırlaşdırır. Pentaqonun məlumatına görə, İranla münaqişənin ilk həftəsində təxminən 11,3 milyard dollar xərclənib. Müharibə uzandıqca ümumi xərcin 1 trilyon dollardan çox ola biləcəyi bildirilir.

Harvard Kennedi Məktəbinin mütəxəssisi Linda Bilmesin sözlərinə görə, faiz ödənişləri bu xərclərin ümumi yükünü daha da artırır və nəticədə borc gələcək nəsillərin üzərinə düşür.

Eyni zamanda Donald Trampın təklif etdiyi 2027-ci il müdafiə büdcəsi də diqqət çəkir – 1,5 trilyon dollar. Bu, II Dünya müharibəsindən sonra ən böyük illik artım hesab olunur.

Mütəxəssislərin hesablamalarına görə, bu plan 2035-ci ilə qədər müdafiə xərclərinə 5 trilyon dollar əlavə edə bilər və ümumi dövlət borcunu təxminən 5,8 trilyon dollar artırmaq potensialına malikdir.

Aydın

--> -->