2025-ci il, 15 dəqiqə fasiləsiz alqışdan dünyanın ən böyük kolbasa-yumurta yeməyinə, işləyən ən yaşlı qadın bərbərdən su altında ən uzun müddət nəfəsini tutan şəxsə qədər müxtəlif sahələrdə qırılan rekordlarla Ginnesin Rekordlar Kitabına düşüb.
Qaynarinfo ilin ən maraqlı rekordlarını təqdim edir:
1301 növ dondurma
Türkiyənin Ordu şəhərinin Kabadüz rayonuna bağlı Çambaşı yaylasında, 25 yanvarda Celal Karaarslan və komandası tərəfindən hazırlanmış 1301 növ dondurma 125 metrlik masada sərgilənib.
Ginnesin Rekordları Kitabının Türkiyə hakimi və nümayəndəsi Şeyda Subaşı Gemici qeyd edib ki, əvvəlki rekord 1001 növ ilə Əbu Dabidə idi, lakin Orduda 1301 növ dondurma ilə yeni rekord qırılıb.
Dünyanın ən yaşlı qadın bərbəri
Yaponiya 108 yaşlı Hakoişi Şitsui 5 martda "dünyanın işləyən ən yaşlı qadın bərbəri” kimi Ginnesin Rekordlar Kitabına daxil olub. Toçiqi əyalətində bərbər işləyən Hakoişi, 14 yaşında Tokioda bərbər çırağı olaraq peşəyə başlayıb. 1936-cı ildə bərbər lisenziyasını alıb, həyat yoldaşı ilə açdıqları salon II Dünya müharibəsi zamanı dağılıb, əri isə müharibədə həlak olub. Hakoişi daha sonra evdə işləyərək iki övladını böyüdüb.
279 tonluq qatarı dartdı
Misirli 43 yaşlı güləşçi Eşref Mahrus oruc tutarkən 279 tonluq bir qatarı dartaraq Ginnesin Rekordlar Kitabına düşüb. 14 martda Qahirədəki Ramses Tren Stansiyasında Mahrus, əvvəlki 221 tonluq qatar rekordunu qıraraq 279 tonluq qatarı 10 metr boyunca çəkib.
15 dəqiqə fasiləsiz alqış
İran Körfəz Pro Liqasının çempionu Təbrizin "Traktor" klubunun azarkeşləri 16 mayda 15 dəqiqə fasiləsiz alqış edərək Ginnesin Rekordlar Kitabına düşüb. Təbrizdəki Yadigar-i İmam Stadionunda on minlərlə azarkeş eyni marşı Azərbaycan türkcəsində birgə oxuyub.
29 dəqiqə nəfəsini tutdu
Xorvatiyalı sərbəst dalğıc Vitomir Mariçiç 19 iyunda 29 dəqiqə 3 saniyə ilə su altında ən uzun nəfəs tutma rekordu qırıb. Əvvəlki rekord 2021-ci ildə xorvatiyalı Budimir Sobat tərəfindən 24 dəqiqə 37 saniyə ilə qoyulmuşdu.
102 yaşında dağa dırmaşdı
102 yaşlı alpinist Akuzava Kokiçi 5 avqustda 3 776 metr yüksəklikdəki Fuji dağına çıxaraq ən yaşlı zirvə çıxışçısı olaraq rekord vurub. Akuzava 96 yaşında da Fuji dağına çıxan ən yaşlı şəxs olmuşdu. 6 il ərzində bir sıra sağlamlıq problemlərinə baxmayaraq, 70 yaşlı qızı, nəvəsi və 4 nəfərlik alpinist komandası ilə zirvəyə çıxaraq rekord qırıb.
Ən çox zibil toplayan insan
Meksikanın Ekatepek bölgəsində də maraqlı bir rekord qeydə alınıb. 8 sentyabrda eyni vaxtda 148 mindən çox insan zibil yığaraq, eyni vaxtda ən çox zibil toplayan insan sayına görə Ginnesin Dünya Rekordunu qırıb.
Ən böyük düyü porsiyası
Nigeriyalı aşpaz Hilda Bassey Effionq 16 sentyabrda "ən böyük Nigeriya üslubunda jollof düyü porsiyası (8780 kiloqram)” ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Ən böyük kolbasa-yumurta
Afyonkarahisarda (Türkiyə) 19 sentyabrda "7-ci Beynəlxalq Gastro Afyon Turizm və Dad Festivalı” çərçivəsində 1 930 kq kolbasa-yumurta hazırlanaraq Ginnesin Rekordlar Kitabına düşüb. 25 m²-lik tavada 1 ton kolbasa, 15 min toyuq yumurtası, bitki yağı və duz istifadə edilərək rekord üçün minimum çəkidən (1 000 kq) çox, 1 930 kq əldə edilib.
Paltar mübadiləsi rekordu
Bu arada, Çilinin paytaxtı Santyaqoda 28 oktyabrda tekstil tullantılarını azaltmaq üçün keçirilən geyim mübadiləsi tədbirində rekord qırılıb. 2364 nəfərin qatıldığı tədbir geyim mübadiləsi üzrə Ginnesin Rekordlar Kitabına daxil olub.
69 fərqli millətdən oyunçu qatıldı
Mərakeşdə 69 fərqli millətdən futbolçu iştirak edən oyun Ginnesin Rekordlar Kitabına daxil olan maraqlı bir tədbir olub. Əvvəlki rekord 2019-cu ildə Fransada 53 ölkədən oyunçuların qatıldığı nümayiş matçı ilə qoyulmuşdu.
Aydın
Şərhlər