Xəbər lenti

2050-ci il ssenarisi 24 il əvvəl gerçəkləşdi:
Dünya 17:27 30.06.2026

2050-ci il ssenarisi 24 il əvvəl gerçəkləşdi: "Proqnozlar reallaşmadı"

Avropanı cənginə alan rekord istilər iqlim dəyişikliyinin gözləniləndən daha sürətlə irəlilədiyini göstərir. Alimlər bildirirlər ki, 2050-ci il üçün hazırlanan temperatur ssenariləri artıq 2026-cı ildə reallığa çevrilib. Mütəxəssislər bunu "zaman cədvəlinin pozulması" kimi qiymətləndirir, Ümumdünya Səhiyyə Təşkilatı isə ekstremal istiləri "səssiz qatil" adlandırır.

Qaynarinfo xəbər verir ki, "The Washington Post" qəzetinin yaydığı məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən 2014-cü ildə Fransa üçün hazırlanmış 2050-ci il temperatur proqnozları təxminən 24 il əvvəl gerçəkləşib.

Fransanın bəzi bölgələrində havanın temperaturu 44,3 dərəcəyə qədər yüksəlib. Bu isə təkcə gündəlik həyata deyil, ölkənin səhiyyə sisteminə də ciddi təsir göstərib. İlkin məlumatlara əsasən, isti hava dalğasının təsir etdiyi günlərdə ölkədə 1000-dən çox insan həyatını itirib.

2050-ci il proqnozları artıq 2020-ci illərdə gerçəkləşdi

2014-cü ildə WMO-nun hazırladığı araşdırma çərçivəsində 60 iqlim aliminə Fransada 2050-ci ilin yay şəraitini modelləşdirmək tapşırılmışdı. Həmin ssenarilərdə ölkə üzrə maksimal temperaturun 40-43 dərəcə arasında olacağı proqnozlaşdırılırdı.

Lakin son həftələr Avropanı bürüyən isti hava dalğası zamanı bu göstəricilər bir çox bölgədə aşılıb. Bildirilir ki, Fransanın materik hissəsində temperaturun ölçüldüyü 34 məntəqədən 19-da 2050-ci il üçün proqnozlaşdırılan göstəricilər geridə qalıb, bəzi ərazilərdə isə temperatur proqnozlardan 2 dərəcədən də çox yüksək olub.
 


"Bu, istisna deyil"

İqlimşünas Robert Rohde bildirib ki, baş verənlər təsadüfi hadisə deyil.

Onun sözlərinə görə, Qərbi Avropa gələcəkdə bu cür ekstremal istilərlə daha tez-tez üzləşəcək.

"Bu, təsadüf deyil, yeni normanın bir hissəsidir", – deyə alim vurğulayıb.

Fransanın milli meteorologiya xidməti Meteo-France isə xəbərdarlıq edib ki, mövcud tendensiya davam edərsə, 2100-cü ilə qədər isti hava dalğaları iki aya qədər fasiləsiz davam edə bilər.

İsti hava dalğası minlərlə insanın həyatına son qoydu

"Sante Publique France"ın məlumatına görə, çərşənbədən şənbəyədək davam edən isti hava dalğası zamanı ölkədə 1000-dən çox ölüm qeydə alınıb.

Həyatını itirənlərin böyük əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil etsə də, bütün yaş qruplarında ölüm göstəricilərində artım müşahidə olunub. Xəstəxanalarda, qocalar evlərində və iri şəhərlərdə yerləşən yaşayış binalarında ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı bildirilir.

Gündəlik həyat iflic oldu

Rekord istilər Fransada nəqliyyat və təhsil sisteminə də ciddi təsir göstərib. Qatarların hərəkətində gecikmələr yaşanıb, bəzi məktəblər bağlanıb, iş saatları məhdudlaşdırılıb.

Kondisionerlərə tələbat əhəmiyyətli dərəcədə artıb. Bir çox sakin evlərini sərin saxlamaq üçün pəncərələri çöldən örtüklərlə bağlayıb və ya günəş şüalarını əks etdirən materiallardan istifadə edib.

Digər tərəfdən, sərinləmək məqsədilə çay və göllərə girənlər arasında da faciəvi hadisələr baş verib. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, iyunun 18-dən bu yana 74 nəfər boğularaq ölüb.

ÜST: "İstilik səssiz qatildir"

Tedros Adhanom Qebreyesus bildirib ki, iyunun 21-dən etibarən Avropa üzrə istilərlə əlaqəli 1300-dən çox ölüm qeydə alınıb.

Onun sözlərinə görə, istilər "səssiz qatil"dir.

"Avropadakı evlər, iş yerləri və məktəblər bu cür yüksək temperaturlara uyğun tikilməyib", – deyə ÜST rəhbəri qlobal iqlim riskləri ilə bağlı xəbərdarlıq edib.
 
Günay
--> -->