XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sentyabrda Yer kürəsində iki yeni ada yaranıb: Harda yerləşirlər?
Dünya20:40 05.10.2026

Sentyabrda Yer kürəsində iki yeni ada yaranıb: Harda yerləşirlər?

İndoneziyada Anak-Krakatau vulkanının güclü püskürməsindən sonra onun yaxınlığında iki yeni ada yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” İndoneziya Geologiya Agentliyinin məlumatlarına istinadən yazır.

Yeni suüstü qurumlar sentyabrın 4-də başlayan və 25 saat davam edən püskürmədən sonra aşkarlanıb. Obyektlərdən biri Anak-Krakatau sahilindən təxminən 760 metr şimal-qərbdə, digəri isə təxminən 495 metr cənub-şərqdə yerləşir.

Geologiya Agentliyinin ilkin versiyasına görə, püskürmə zamanı nisbətən duru maqma şimal-qərbdən cənub-şərqə doğru uzanan çat vasitəsilə səthə çıxa bilərdi. Atılan vulkanik material iki qismən suüstü təpə formalaşdırıb.

Nəşrin qeyd etdiyi kimi, Krakatau kalderasında ayrı-ayrı adaların meydana gəlməsi 96 ildən sonra ilk belə hadisə ola bilər. 1883-cü ildə baş vermiş dağıdıcı püskürmədən sonra burada Anak-Krakatau vulkanı formalaşıb və 1930-cu ildə tamamilə dəniz səviyyəsindən yuxarı qalxıb. O vaxtdan bəri kalderanın bu hissəsində başqa müstəqil adaların yarandığı məlum deyil.

Yeni yaranmış qurumlardan birinin ilk video sübutunu Cənubi Lampunqdan olan fəal Yodistara Nuqraha təsadüfən əldə edib. O, itkin düşmüş jurnalistləri və könüllüləri axtararkən dronu vulkanın şimal-qərbində, suda yerləşən qaranlıq quru sahəsini qeydə alıb.

“Əvvəlcə yeni bir şeyi qeydə ala biləcəyimi başa düşmədim”, deyə Nuqraha “Bloomberg”ə bildirib.

Nəşr xatırladır ki, Anak-Krakatau 2026-cı ilin iyulunda aktivliyin bərpa olunmasına qədər uzun müddət nisbətən sakit qalıb. Sentyabr püskürməsi zamanı lava axınları və piroklastik materialın hesabına adanın sahəsi təxminən 33 hektar artıb.

Mütəxəssislər vurğulayırlar ki, yeni yaranmış qurumların taleyi onların mənşəyindən və dalğalara davamlılığından asılı olacaq. Əgər onlar boş vulkanik materialdan ibarətdirsə, tez bir zamanda yuyulub dağılmaları mümkündür.

Aydın