Hindistanda "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız bir nəfər sağ qalıb. Həmin sərnişin - 40 yaşlı britaniyalı Vişvaşkumar Rameş baş verənləri "Hindustan Times”a danışıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl içəridəki işıqlar yanıb-sönməyə başlayıb və o, öz gözləri ilə insanların ölümünü görüb.
Rameş qeyd edib ki, təyyarə havaya qalxdıqdan sonra təxminən 5-10 saniyə sanki havada donub qalıb. Ardınca göyərtədəki yaşıl və ağ işıqlar titrəməyə başlayıb və təyyarə qarşısında olan bir binaya çırpılıb.
O, təyyarədə 11A nömrəli, təxliyə çıxışına yaxın oturacaqda əyləşdiyini bildirib. Rameşin sözlərinə görə, təyyarənin onun yerləşdiyi hissəsi birbaşa yerə düşüb və binanın damına dəyməyib.
"Çıxışı görəndə düşündüm ki, bəlkə çıxa bilərəm. Cəhd etdim və bacardım. Ola bilər ki, təyyarənin digər tərəfində olanlar bu imkanı əldə etmədilər", deyə o bildirib.
Rameş əlavə edib: "Necə sağ qaldığımı bilmirəm. İnsanların – stüardessaların, elə yanımda əyləşən iki nəfərin necə öldüyünü gördüm... Mən qalıqların altından çıxdım".
12 iyun tarixində Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza yerində göyü qara tüstü bürüyüb, hadisə yerinə onlarla yanğınsöndürən və təcili yardım maşını cəlb edilib. İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb. Bildirilib ki, təyyarə yaşayış sahəsinə – həkimlər üçün nəzərdə tutulmuş yataqxanaya düşüb.
Son məlumata əsasən, qəza nəticəsində 241 nəfər həyatını itirib. Yeganə sağ qalan sərnişin Vişvaşkumar Rameş qeyd edib ki, qalxışdan təxminən 30 saniyə sonra güclü bir səs eşidilib və təyyarə qəzaya uğrayıb.
Hindistanın baş naziri "Narendra Modi” hadisəyə münasibət bildirərək, baş verənlərin "hamını sarsıtdığını və kədərləndirdiyini” deyib.
Aydın
Şərhlər