Hollivudun iki böyük ulduzu - Bred Pitt və Tom Kruz - uzun illərdir barələrində yayılan şayiələri təkzib etmək istərcəsinə birlikdə kamera qarşısına çıxıblar. Səmimi poza və görüntüləri ilə son iki gündə sosial mediada ən çox danışılan adlara çevriliblər.
Pərəstişkarların səbirsizliklə gözlədiyi görüş
Qaynarinfo xəbər verir ki, karyeralarının başlanğıc dövründə, dünya miqyasında ulduza çevrildikləri vaxt birlikdə baş rol oynadıqları filmdən düz 25 il sonra ilk dəfə mətbuat qarşısına birlikdə çıxan Bred Pitt və Tom Kruz Londonda keçirilən F1 filminin qala gecəsində görüşərək qucaqlaşıblar.
Hər biri artıq 60 yaşını keçmiş bu iki Hollivud ulduzu indi karyeralarının yetkinlik dövrünü yaşayırlar. Onların adı çəkiləndə, artıq tamaşaçını kinoteatrlara cəlb edə bilməyən, uzun müddətdir böhranla üzləşmiş kino sənayesinin xilası ağıla gəlir.
Kameralar qarşısında nümayiş etdirilən dostluq görüntüləri və manşetlərdə verilən "İllər sonra görüşdülər" xəbərləri də məhz bununla əlaqələndirilir.
"Sürpriz" dedilər, amma gerçək tamam fərqli idi
Pitt və Kruzun fotoları xəbər agentliklərinə ötürüldükdə, mətbuat bunu Tom Kruzun F1 filminin qalasına sürpriz ziyarəti və Bred Pittə dəstək jesti kimi təqdim edib. Lakin bu görüntülərin əslində diqqətlə planlaşdırılmış bir "reklam manevri” olduğu iddia olunur.
Tom Kruz böyük gözləntilərə və 400 milyon dollarlıq büdcəsinə baxmayaraq, uğur əldə etməyən "Qeyri-mümkün missiya" seriyasının son filmini xilas etməyə çalışır.
Bred Pitt isə hələ də Hollivudun ən böyük ulduzlarından biri sayılır, amma son illərdə filmləri kassada gözlənilən nəticəni verməyib. O da böyük ümidlər bəslədiyi F1 (Formula 1) filmi üçün dünya miqyasında tanıtım tədbirlərində iştirak edir.
İki ulduzun da reklama ehtiyacı var…
F1 filminin rejissoru, Tom Kruzun illər sonra əfsanəvi roluna qayıtdığı "Top Gun: Maverick" filmini də idarə edən Cozef Kosinskidir. Filmin prodüseri isə Kruzun əvvəlki uğurlu layihələrində də imzası olan tanınmış prodüser Cerri Brakhaymerdir.
Bu səbəbdən, Pitt və Kruzun qırmızı xalıda sərgilədikləri şou, əslində filmləri arasındakı bu əlaqə ilə bağlıdır və ehtimal edilir ki, onların birlikdə işlədiyi PR və prodüserlik şirkətləri tərəfindən təşkil olunub.
25 il əvvəl birgə oynadıqları filmdən sonra soyuqluq iddiaları
Sözügedən görüş, 1994-cü ildə birgə çəkildikləri "Vampirlə görüşmə” filmindən sonra bu iki ulduz arasında münasibətlərin soyuduğu barədə Hollivudda uzun müddətdir dolaşan şayiələri yenidən gündəmə gətirib.
"Bu əvvəlcədən planlaşdırılmışdı. Bu nostalji deyil, imic məsələsidir. Bred Pitt "Wolfs” və "Babylon” kimi uğursuz layihələrdən sonra F1 ilə böyük uğur qazanmaq istəyir. Tom Kruz isə F1-in yayımçısı olan "Apple” və "Warner” ilə böyük müqavilə imzalayıb. "Qeyri-mümkün missiya” isə gözləntini doğrultmayıb. Bred narahatdır, Tom isə qələbəyə ehtiyac duyur. Bu, korporativ bir görüş idi", deyə xarici media qeyd edir.
Pitt və Kruz son dəfə 2001-ci ildə Los-Ancelesdə keçirilən 11 Sentyabr yardım tədbiri "A Tribute to Heroes”da birlikdə görüntülənmişdilər.
Tom Kruzun gənc qalmaq mübarizəsi və daxili rəqabət
İllər keçdikcə Tom Kruzun daim gənc qalmaq üçün qeyri-adi metodlara belə əl atdığı, Bred Pittin isə sadəcə rolları üçün fiziki formasını qorumağa çalışdığı, görünüşü ilə bağlı ciddi narahatlıq keçirmədiyi, buna baxmayaraq Tom Kruzdan daha yaxşı göründüyü müzakirə mövzusudur. Bu fərq, iddialara görə, Tom Kruzda qısqanclıq hissi yaradıb.
Tom Kruzun Pittlə daxili rəqabətə girməsi, lakin Pittin bu barədə heç düşünməməsi, onları 25 il boyunca ayrı salıb və yalnız indi yenidən eyni qırmızı xalıda bir araya gətirib.
Aydın
Şərhlər