XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sem Altmandan süni intellekt xəbərdarlığı: "Mənfi nəticələr qaçılmazdır"
Texnologiya19:00 05.10.2026

Sem Altmandan süni intellekt xəbərdarlığı: "Mənfi nəticələr qaçılmazdır"

"OpenAI" şirkətinin baş direktoru Sem Altman bildirib ki, cəmiyyət süni intellektin inkişafının bəzi mənfi nəticələri ilə barışmağa hazır olmalıdır. Onun sözlərinə görə, bu, texnologiyanın gətirəcəyi faydalar və insanların ondan müstəqil şəkildə istifadə etmək imkanı naminə edilməlidir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Politco"ya müsahibəsində danışıb.

Altmanın sözlərinə görə, "OpenAI" ilə Anthropic arasında süni intellektin tənzimlənməsinə yanaşmada prinsipial fikir ayrılığı qalır. Anthropic yeni süni intellekt modellərinin inkişafının “texnologiya nəzarətdən çıxaraq insanlar üçün təhlükəli hala gələnədək” yavaşladılmasına çağırır.

"OpenAI" rəhbəri bildirib ki, genişmiqyaslı haker hücumları, sui-istifadə, dələduzluq və bu cür sistemlərin kütləvi yayılması zamanı qaçılmaz olan digər mənfi nəticələrin baş verməyəcəyinə zəmanət müqabilində süni intellektə çıxışın məhdudlaşdırılmasına razı olmazdı.

O, süni intellektin insanlara vuracağı zərərdən dəfələrlə çox fayda gətirəcəyinə əmin olduğunu bildirib. Bununla belə, Altman “fəlakətli riskləri”, o cümlədən süni intellekt üzərində nəzarətin ciddi şəkildə itirilməsini “qəbuledilməz” adlandırıb.

Altman həmçinin ən güclü süni intellekt modellərinin yalnız bir laboratoriyanın istifadəsində olmasını və həmin qurumun kimlərin bu modellərdən necə istifadə edə biləcəyinə qərar verməsini də məqbul hesab etmir. O, belə bir kompromisi “tamamilə qəbuledilməz” adlandırıb və daha yumşaq tənzimləmə yanaşmasını dəstəklədiyini bildirib.

Sentyabr ayında Altman süni intellekt üzərində nəzarəti qorumaq üçün onun inkişafının yavaşladılması barədə Anthropic-in çağırışını dəstəkləyib. "OpenAI" rəhbəri həmin vaxt şirkətin təhlükəsizlik yoxlamalarının müstəqil ekspertlər tərəfindən aparılmasını da planlaşdırdığını açıqlayıb. Onlara şirkət əməkdaşları ilə eyni səviyyədə çıxış imkanı veriləcək.

Sentyabrın 28-də məlum olub ki, "OpenAI" süni intellekt agentlərinin gözlənilməz davranışları fonunda yeni modellərin təlimini dayandırıb. Təkcə son bir həftə ərzində onların Avstraliyadakı dövlət qurumlarından birinin saytını sındırdığı və ABŞ dövlət qurumlarının portallarına hücum etdiyi məlum olub. KİV-in məlumatına görə, hazırda "OpenAI", Anthropic və digər şirkətlərin modelləri ilə bağlı “on minlərlə insident” araşdırılır.

Sentyabrın əvvəlində "OpenAI" ən güclü modeli olan “GPT-6 Astra”nı təqdim edib. Şirkətin açıqlamasına görə, model süni intellekti insan səviyyəsinə maksimum dərəcədə yaxınlaşdırıb. “Kompüterdə edə biləcəyiniz hər şeyi Astra sizin üçün daha sürətli edə bilər”, – deyə şirkət nümayəndələri bildiriblər.

Bundan əvvəl UНİAN yazıb ki, 2026-cı ilin yazında süni intellektin yol verdiyi səhv ABŞ ilə Çin arasında az qala müharibəyə səbəb olub. Pentaqonun analitiki məlumatların təhlili zamanı neyron şəbəkəsinin nəticələrinə həddindən artıq etibar edib.

Aydın