Sui-qəsd nəzəriyyələri bəşəriyyət qədər qədimdir. Baş vermiş və ya baş verdiyi iddia edilən hadisələrlə bağlı bəzi versiyalar çoxdan təkzib olunub, digərləri isə hələ də sirr olaraq qalır və bu da konspiroloji nəzəriyyə tərəfdarlarında çoxsaylı suallar yaradır.
Qaynarinfo xəbər verir ki, dünyanın tanınmış rejissorları hökumət sui-qəsdləri və digər sirli hadisələr haqqında filmlər çəkərək tamaşaçıları düşünməyə vadar edir və ya bu nəzəriyyələri satirik şəkildə təqdim edirlər.
Təqdim olunan siyahıda tamaşaçıların fikrincə, diqqətə layiq olan bir neçə film yer alır.
Sui-qəsd nəzəriyyələri haqqında ən yaxşı filmlər
Bu mövzuda çəkilən filmlər müxtəlif məsələlərdən bəhs edə bilər — din və ya əczaçılıq sahəsindəki gizli məlumatlardan tutmuş dünya hökumətlərinin planlarına, hətta yaşadığımız dünyanın sadəcə simulyasiya olması ideyasına qədər.
Bu mövzu ilə maraqlanan hər kəs axşam izləmək üçün özünə uyğun film tapa bilər.
"Truman şousu"
Cim Kerrinin baş rolda oynadığı məşhur film gözəl şəhərdə yaşayan, hamının sevdiyi və həyatının sanki reklam çarxını xatırlatdığı bir gəncin hekayəsindən bəhs edir.
Lakin müəyyən vaxtdan sonra Truman hər şeyin qaydasında olmadığından şübhələnməyə başlayır. O anlayır ki, əslində real dünyada yaşamır, onun üçün xüsusi yaradılmış bir şounun iştirakçısıdır və digər insanlar onun həyatını izləyirlər.
Bu film tez-tez sui-qəsd nəzəriyyələri haqqında ekran əsərləri siyahısına daxil edilir. Səbəb isə filmin "insanların nəhəng bir simulyasiyada yaşadığı və kimsə tərəfindən izlənildiyi" nəzəriyyəsini əks etdirməsidir.
"Gizli sənədlər"
Sui-qəsdlər və sirli hadisələr mövzusu məşhur rejissor Stiven Spilberqin də yaradıcılığında yer alıb. O, iki dəfə "Oskar" mükafatına namizəd göstərilən bu filmi ərsəyə gətirib.
Filmin süjetində "The Washington Post" nəşrinin dərc etdiyi Pentaqonun gizli sənədləri yer alır. Həmin materiallarda ABŞ hökumətinin onilliklər ərzində Vyetnam müharibəsi ilə bağlı həqiqətləri necə gizlətdiyi barədə məlumatlar təqdim edilirdi.
Sistemə qarşı çıxmağa qərar verən baş redaktor rolunu məşhur aktrisa Meril Strip canlandırıb.
"Qaranlıq sular"
Film "DuPont" korporasiyasının uzun illər ərzində teflon qabların örtüyündə istifadə olunan zəhərli maddə vasitəsilə insanlara zərər vurması iddialarından bəhs edir.
Hüquqşünas Robert Bilott şirkətə qarşı mübarizə aparmağa qərar verir və zəhərli maddənin hətta azyaşlı uşaqların qanında belə aşkar edildiyini üzə çıxarır.
Film ictimaiyyətdə böyük rezonans doğurub. ABŞ-da bəzi insanlar teflon tavaları atmağa başlayıb və yapışmayan örtüklü qablardan istifadəyə fərqli yanaşmağa başlayıblar.
Bu kimi filmlər insanları əslində hansı dünyada yaşadığımız barədə düşünməyə vadar edir.
"Zaman ruhu"
Piter Cozef konspiroloji mövzular dünyasında tanınmış fiqurlardan biridir. Onun ilk filmi "Zaman ruhu" bir neçə sui-qəsd nəzəriyyəsini əhatə edir.
Film İsanın mifoloji obraz olduğu iddiası ilə başlayır, daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 11 sentyabr terror aktı ilə əlaqəsi, maliyyəçilərin və böyük korporasiyaların mümkün sui-qəsdləri haqqında fikirlər təqdim olunur.
Cozefin təqdim etdiyi iddiaların tamamilə yeni olmadığı qeyd edilir — bu nəzəriyyələrin əksəriyyəti daha əvvəl də səsləndirilib. Lakin tamaşaçıların fikrincə, rejissor bu mövzuları həmkarlarından daha bacarıqlı və təsirli şəkildə təqdim edib, eyni zamanda bir neçə fərqli istiqaməti əhatə edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər