Dünyada istehsal olunan peyvəndlərin təxminən yarısı insanlara çatdırılmadan müxtəlif səbəblərə görə məhv edilir. Böyük Britaniyada alimlər bu problemin həllinə kömək edə biləcək, otaq temperaturunda toz şəklində saxlanıla bilən yeni peyvənd hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC və "Anadolu” agentliyi məlumat yayıb.
Böyük Britaniyada Milli Səhiyyə və Baxım Araşdırmaları İnstitutunun (NIHR) dəstəyi ilə həyata keçirilən tədqiqat çərçivəsində alimlər maye halındakı tetanus-difteriya peyvəndini "trehaloza” adlı şəkər maddəsinin köməyi ilə quru toza çeviriblər.
Bir il otaq temperaturunda saxlanılıb
Tədqiqatçılar peyvəndi bir il ərzində otaq temperaturunda saxladıqdan sonra yenidən su ilə maye halına gətirərək 60 könüllü üzərində sınaqdan keçiriblər.
Nəticələr göstərib ki, soyuducuda saxlanılmasına ehtiyac olmayan bu peyvənd ənənəvi tetanus-difteriya peyvəndi ilə eyni səviyyədə immun cavab formalaşdırır.
Alimlərin sözlərinə görə, peyvənd təhlükəsiz olub və könüllülər tərəfindən yaxşı qəbul edilib. Laboratoriya nəticələri onun aktiv komponentlərinin mənfi 20 dərəcədən müsbət 40 dərəcəyədək temperatur şəraitində də sabit qaldığını göstərib.
"Soyuq zəncir”dən asılılıq azala bilər
Mütəxəssislər hesab edirlər ki, yeni texnologiya peyvəndlərin istehsaldan istifadə mərhələsinədək müəyyən temperatur rejimində saxlanılmasını tələb edən "soyuq zəncir” sistemindən asılılığı əhəmiyyətli dərəcədə azalda bilər.
Araşdırma qrupu yaxın aylarda 160 nəfərin iştirakı ilə daha genişmiqyaslı klinik sınaqlara başlayacağını açıqlayıb.
İlham mənbəyi quraqlığa davamlı bitkilər olub
Yeni texnologiya tamamilə quruduqdan sonra yağış yağdıqda yenidən canlanan xüsusi bitki növlərindən ilham alınaraq hazırlanıb.
Bu bitkilərin quraqlıq zamanı sintez etdiyi "trehaloza” maddəsi hüceyrələri qoruma xüsusiyyətinə malikdir. Alimlər də həmin mexanizmdən istifadə edərək peyvəndin aktiv maddələrinin sabitliyini qorumağa nail olduqlarını bildiriblər.
Tədqiqatın nəticələri "The Lancet” jurnalının "EClinical Medicine” nəşrində dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada istehsal olunan peyvəndlərin təxminən yarısı daşınma zamanı zədələnməsi, istifadə müddətinin başa çatması, istifadə olunmayan dozalar və xüsusilə "soyuq zəncir”in pozulması səbəbindən tətbiq edilmədən məhv edilir.
Aydın
Şərhlər