XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Professordan xəbərdarlıq: "Qidalar düzgün saxlanılmayıbsa, bu, qətlə bərabərdir"
Ölkə19:00 01.10.2026

Professordan xəbərdarlıq: "Qidalar düzgün saxlanılmayıbsa, bu, qətlə bərabərdir"

"Vaxtı keçmiş və düzgün saxlanılmayan qidaların insan həyatına son qoya bilməsi ehtimalı nəzərə alınmalıdır. Əgər həmin şəxs bunu nəzərə almayıbsa, bu, artıq qətlə bərabər hadisədir".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Kürdəmirdə 91 nəfərin qidadan zəhərlənməsinin səbəblərindən danışarkən deyib.

Professor hesab edir ki, məsələnin hüquqi tərəfi ilə aidiyyəti qurumlar məşğul olmalıdır:

“Məsələnin ikinci tərəfi qidaların saxlanılması qaydalarının pozulmasıdır. Bununla da Qida Təhlükəsizliyi Agentliyi və yerli qurumlar məşğul olmalıdır. Zəhərlənmənin səbəbi birmənalı şəkildə müəyyən edilməlidir. Bilinməlidir ki, zəhərlənmə hansı qidadan baş verib”.

Adil Qeybulla vurğulayıb ki, qida toksiki infeksiyaları botulizm infeksiyası və onun toksini nəticəsində baş verə bilər:

"Burada qidada inkişaf edən digər toksinlər də ola bilər. Ümumiyyətlə, qida düzgün saxlanmadıqda, soyuq zəncir pozulduqda belə hadisələr baş verir. Dondurucuda olan qidalar tez-tez oradan çıxarılır və bir hissəsi istifadə olunaraq yenidən dondurucuya qoyulduqda onların tərkibi dəyişir. İkincisi, qidalar isti yerdə saxlanıldıqda bakteriyalar sürətlə inkişaf edir. Xüsusilə ət mənşəli qidalarda bu proses daha sürətli gedir. Bu qidalar tez xarab olur. Məişətdə bu cür hallar həmişə mümkündür”.

Ekspert xatırladıb ki, konservləşdirilmiş qidaların rəngi və qoxusu dəyişibsə, qablaşdırmanın bütövlüyü pozulubsa, ondan istifadə etmək olmaz:

"İnsanlar özləri də bunun fərqində olmalıdır. İstənilən qidanın dad və keyfiyyətində dəyişiklik varsa, onu yemək olmaz, çünki bu, təhlükəlidir. Məclisdə veriləcək qidanın harada və hansı şəraitdə saxlanılması məsuliyyət yaradır. Bu məsələ araşdırılmalıdır”.

Adil Qeybulla qida təhlükəsizliyi ilə bağlı dünyanın bir çox ölkəsində problemlərin yaşandığını da vurğulayıb. O qeyd edib ki, kiçik səhlənkarlıqlar ciddi fəsadlara səbəb ola bilər.

Qeyd edək ki, sentyabrın 30-da Kürdəmir rayonunda keçirilən məclislərdən birində 91 nəfər zəhərlənib. Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Bahar Rüstəmli